Azərbaycanın görkəmli
bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim,
milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 74 il ötür.
Üzeyir bəy 1885-ci il sentyabrın
18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım
Hacıbəyovların ailəsində doğulub.
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və başqa başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çıxış edib.
1908-ci il yanvarın 12-də
(yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən
“Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində
opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın
librettosu Füzulinin eyniadlı poeması əsasında yazılır.
O, Azərbaycanda musiqili
komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun
“Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk
tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan
əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.
1937-ci il aprelin 30-da
Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası
(librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının
zirvəsini təşkil edir.
Azərbaycan opera sənətinin
incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera
formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif
ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.
O, 1948-ci ilin 23 noyabrında,
63 yaşında vəfat edib.
Üzeyir Hacıbəyovun əsərləri
dünya musiqi incilərindən sayılır.
Qeyd edək ki, Üzeyir
Hacıbəyovun doğum günü uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd
olunur.