Şuşa +6 °C  
Şuşanın 270 anı...

Şuşanın 270 anı...

46 nömrəli məktəbin akt zalında “Cəmiyyətin və Medianın inkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaşın “Şuşanın 270 anı” adlı bədii-sənədli filminin təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Sevinc Budaqova Lalə Azərtaşı məktəbin şagird və müəllim kollektivinə təqdim etdikdən sonra Lalə xanım açılış edərkən filmin ərsəyə gəlməsi prosesləri haqqında məlumat verərək, filmdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.  Onu da qeyd etdi ki, film “Cəmiyyətin və Medianın Inkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində çəkilib.

Nümayişdən sonra məktəbin musiqi müəllimi Kəmalə Qədimovanın köməkliyi ilə 4C sinif şagirdləri xorla “Sən qalibləsən” mahnısını ifa ediblər.  Şagirdlərdən Çingiz Parlanov isə “Şəhid anası” şeirini səsləndirib.  

 Sonra Sevinc Budaqova çıxış edərək şagirdlərə şanlı zəfərimiz barədə geniş məlumat verib, onların hazırda qarşısında duran əsas hədəfin dərslərini yaxşı səviyyədə oxuyaraq vətən və millət üçün yararlı vətəndaş olaraq, vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə hörmət edərək böyümələri olduğunu vurğulayıb. Sonra 46 nömrəli məktəbdə 27 ildir pedoqoji fəaliyyətini davam etdirən, 1-ci Qarabağ şəhidi Namiq Zalovun həyat yoldaşı Nəzirə Zalovaya söz verilib. Əslən Şuşadan olan Nəzirə xanım film haqqında, Şuşa şəhəri haqqında, Şuşaya sonuncu dəfə 4 günlük səfəri haqqında təəssüratlarını bölüşüb.  Əslən Şuşadan olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Xədicə Məmmədova isə çıxışında “Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.