Şuşa +9 °C  
Şuşada ilk respublika uşaq tədbiri

Şuşada ilk respublika uşaq tədbiri

İyunun 1-də Şuşada məktəblilər arasında təşkil olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirilib.  


Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən tədbir Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra burada keçirilən ilk respublika uşaq tədbiridir.


Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutub.


Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Dövlət Qoruğu İdarəsinin nümayəndəsi və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival müsabiqənin qalibləri iştirak edib.


Təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq tədbirin Şuşada təşkilinin qürurverici olduğunu qeyd edib. Şəhidlərimizin xatirəsini yad edən, qazilərimizə Allahdan şəfa diləyən təhsil naziri Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Müzəffər Ordumuzun şanlı qələbəsi sayəsində bu gün gələcəyimiz olan uşaqların azad Şuşada bayramı qeyd etməsini xüsusi vurğulayıb.