Şuşa +10 °C  
"Şuşanın 270 anı" 23 nömrəli məktəbdə

"Şuşanın 270 anı" 23 nömrəli məktəbdə

"Şuşanın 270 anı" adlı filmin növbəti təqdimatı Bakı şəhəri 23 nömrəli məktəbdə keçirilib. Təqdimatda məktəbin direktoru, müəllim- şagird heyəti, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, valideynlər və aktyor Rüfət Nəzər iştirak edib.  Filmin nümayişindən əvvəl  çıxış edən məktəbin direktoru  bildirib ki, Azərbaycan Ordusunun qazandığı zəfərlə bağlı filmlərin çəkilib nümayiş etdirilməsi vacib amildir. Yetişən gənc nəslin də bu cür filmləri izləməsinə ehtiyac olduğunu deyən direktor əlavə edib ki, 23 nömrəli məktəbin qapıları hər zaman bu cür tədbirlərin keçirilməsinə açıqdır. Daha sonra çıxış edən  “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış aparıcı Lalə Azərtaş bildirib ki, şagirdlər gün ərzində  evdən çox məktəbdə olurlar və onların vətənpərvər ruhda böyüməsinə valideynlər qədər müəllimlər də  məsuliyyət daşıyırlar. Məktəb rəhbərliyinə təşkilatı dəstək üçün təşəkkür edən İB-nin sədri Lalə Azərtaş daha sonra film haqqında qısa məlumat verib. Ardınca film nümayiş olunub.  Qeyd edək ki, film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sifarişi əsasında ərsəyə gəlib.