Şuşa +14 °C  
Zəfər Bayrağım

Zəfər Bayrağım

Səfərov Vəli Nadir oğlu ( Vəli Qaraçaylı )

1965 ci il 5  fevral tarixində Borçalı mahalının Başkeçid  rayonunun Yuxarı Qarabulaq kəndində anadan olub. Ailəlidi 4 övladı var. 2006 cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.  Yarı böləmməzlər ürəyimizi " ,  “105 il öncə ", “ Şair necə dərd çəkməsin " kitablarının , 5 poemanın müəllifidir. 14 noyabr 2022ci il tarixində Sabunçu rayon Ağsaqqallar Şurasının sədri seçilib. Vəli Qaraçaylı loveshusha.com saytı ilə bölüşüb. Həmin şeirləri təqdim edirik:


ZƏFƏR BAYRAĞIM

Düşmənin gözünə ox təki batdın,

Şuşama sancılan zəfər bayrağım!

Qəmimi, qüssəmi sevincə qatdın,

Şuşama sancılan zəfər bayrağım!

***

Çapdı muştuluğa Qarabağ atı,

Boynuna bağladım güllü xalatı.

Sağaldı qəlbimin Qarabağ çatı,

Şuşama sancılan zəfər bayrağım!

***

Sevincdən ağladım, fərəhdən çaşdım,

Qarşıma çıxanı bağrıma basdım.

Səni Pənah Xanın yurdundan asdım,

Şuşama sancılan zəfər bayrağım!

***

Dağlara qayıtdı Türkün Bozqurdu,

Aldı yağıların əlindən yurdu.

Azərbaycan qalib möhürün vurdu,

Şuşama sancılan zəfər bayrağım!

***

Dünyanın xoşbəxti eylədin məni,

Xarıbülbül təki qoxlaram səni.

Ən uca zirvədə saxlaram səni,

Şuşama sancılan zəfər bayrağım!

***

Türkümün sancağı sənə həyandı,

Ali Baş Komandan məğrur dayandı.

Al rəngin yenə də qana boyandı,

Şuşama sancılan zəfər bayrağım!

***

Bəd günüm geriyə dönməyəcəkdir,

Yanan ocaqlarım sönməyəcəkdir.

Heç zaman zirvədən enməyəcəkdir

Şuşama sancılan zəfər bayrağım!!!

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

şair Vəli Qaraçaylı      

08 11 2020



 DƏMİR YUMRUQ


Aramızda olanlar

Yadlar üçün sirr olub.

Yaranandan həmişə

Dərd-sərimiz bir olub

***
Birləşmişik yumruq tək,

Bəyan edim bir daha.

Vətənin dar günündə

Sarılmışıq silaha.

***

Türk oğluna arxadı

Onun Udin sirdaşı.

Silahından od saçır

İgid Talış qardaşı.

***

Qurban olum Ləzgi tək

Cəsur vətən daşına.

Şah dağı tək qar yağıb

Anaların başına.

***

Nərə çəkir Avarım,

Mərd Saxurum can deyir.

İngiloyum döyüşür,

Gürcüm qana-qan deyir.

***

Malakanım, Rusum da

Aman vermir düşmənə.

Vətənini sevməyən

Sinə gərmir düşmənə.

***

Yenilməzdi Kürd oğlum,

Tatım, Ceklim balamdı.

Haputlumun gözündə

Qarabağım qalamdı.

***

Yəhudim də uğrunda

Şəhid olur, ey Vətən!

Xınalığın, Qırızın

Gözü dolur, ey Vətən!

***

Həm Asurum, Rutullum,

Əliklim də hayqırır.

Buduklum da savaşır,

Yergüclüm də hay qırır.

***

Dua edir Qaraçım

Zəfər çalsın ordumuz.

Çiçəklənib gül açsın,

Abad olsun yurdumuz.

***

Vətən, sənin uğrunda

Ər oğullar itirdik.

Bəd erməni xislətin

Birdəfəlik bitirdik.

***

Qarabağa göz dikən

Düşmənmizi kor etdik.

Əlləriylə qazdığı

Səngərini gor etdik.

***

Bu tolerant ölkəmə

Ulu Tanrım yar olsun!

Azərbaycan adlanan

Vətənimiz var olsun!!!


Vəli Qaraçaylı

24.10.2020