Şuşa +9 °C  
“Şuşanın 270 anı” 7 nömrəli məktəbdə

“Şuşanın 270 anı” 7 nömrəli məktəbdə

Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Şuşanın 270 anı” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış jurnalist, filmin müəllifi Lalə Azərtaş, Səbail rayonu İcra başçısının müavini Kəmalə Həşimova, Səbail rayonu Gənclər və İdman İdarəsinin müdiri Elnarə Əliyeva, jurnalist Kərəm Ələsgərov həmçinin, 7 nömrəli məktəbin qəhrəman məzunları “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadə və Elşən Namazlı iştirak ediblər. Öncə qonaqlar məktəbin dəhlizində Şuşa ilinə həsr olunmuş müxtəlif divar rəsmləri və şagirdlərin əl işlərilə tanış olublar.

Ardınca “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş filmin ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında məlumat verib. O bildirib ki, layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində https://loveshusha.com adlı sayt da yaradılıb. Saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən müharibəsindən sonra qısa müddət ərzində şəhərdə gerçəkləşdirilən quruculuq işləri ilə bağlı məlumatlar, həmçinin şəhərlə bağlı fotolar və məqalələr toplanıb.

Tədbirdə, həmçinin layihə çərçivəsində hazırlanan “Şuşa 270” adlı nəşr təqdim edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan, ingilis, və rus dillərində yüksək keyfiyyətlə hazırlanan nəşrdə Şuşa sakinləri üçün əziz olan və işğal zamanı bütün təhlükələrə baxmayaraq, şəhərdən çıxardıqları əşyalarla bağlı məlumatlar əksini tapıb.

Sonra Səbail rayonu İcra başçısının müavini Kəmalə Həşimova çıxış edib. Qeyd edib ki, Qarabağda əldə olunan möhtəşəm Zəfəri, qəhrəman oğullarımızın şücaətini gələcək nəsillərə ötürmək, onları vətənpərvər ruhda yetişdirmək işində təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Kəmalə Həşimova gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin bu gün qarşımızdakı ən önəmli hədəflərdən biri olduğunu söyləyib. O, qeyd edib ki, bu gün “Şuşanın 270 anı” filminin məktəbdə keçirilən təqdimatı da bu missiyadan irəli gəlir.

Eyni zamanda, məktəbin direktoru Könül Təhməzova öz çıxışında Vətən müharibəsi ilə bağlı fikirlərini paylaşıb, müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edildiyinin bizim üçün qürur örnəyi olduğunu bildirib. Şagirdlərə Vətənə sevginin uşaq yaşlarından aşılanmalı olduğunu xüsusi qeyd edib.

Tədbir boyu məktəbin şagirdləri tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar nümayiş etdirilib.

Qeyd edək ki, “Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib.