Şuşa +18 °C  
LAÇINDA “DƏMİR YUMRUQ” UCALDILACAQ

LAÇINDA “DƏMİR YUMRUQ” UCALDILACAQ

“II Vətən müharibəsi  zamanı  Prezident, Ali  Baş Komandan  İlham Əliyevin çıxışları zamanı “Dəmir yumruq  yerindədir” ifadəsindən ruhlanaraq arzu etdim ki, “Dəmir yumruq” abidəsi  hazırlayım və həmin abidə mənfur düşməndən azad olunan  ərazilərdən  birində  ucaldılsın”.  Bu sözləri  “Dəmir Yumruq” abidəsinin müəllifi, rəssam Elxan Əliyev loveshusa.com saytına açıqlamasında bildirib. O deyib ki,  əbədi  və əzəli torpaqlarımız  mənfur düşməndən azad olunduqdan sonra  bu arzusu reallaşıb və abidə məhz Hadrut qəsəbəsində N saylı hərbi  hissənin ərazisində ucaldılıb. “Dəmir yumruq” və  “Zəfər şəhidləri” kompleksinin layihəsini  rəssamın qızı – gənc memar Gülər Əlizadə hazırlayıb.   Rəssamın sözlərinə görə  ikinci  “Dəmir yumruq” kompozisiyası və abidə kompleksi bu ilin iyun ayında Kəlbəcər rayonunda  N saylı hərbi hissədə  ucaldılıb və Ali Baş Komandanın iştirakı ilə açılışı olub.  Rəssam bildirib ki,  hazırda  3-cü  “Dəmir yumruq” kompozisiyası   və abidə kompleksi üzərində tamamlama işləri gedir. Kompleks  Laçın  rayonu ərazisində  ucaıldılacaq.

Qeyd edək ki, Elxan Əliyev 1991 -1995-ci illərdə Ə.Əzimzadə adına  Rəssamlıq Məktəbində təhsil alıb, 1997-ci ildə Rəssamlıq  və İncəsənət Universitetində təhsilini davam etdirib. 1999-cu ildə martın 3-də keçirilən  II Gənclər Forumunda  300 tələbənin içində  Ümummilli lider Heydər Əliyev tərəfindən bəyənilən əsərin  müəllifi  olub. Həmin əsər indiyə qədər  İncəsənət Universitetinin foyesində sərgilənir. 2003-cü ildə Rəssamlıq Akademiyasının rəngkarlıq  fakültəsinin  magistr  pilləsini bitirən rəssam Azərbaycanda ilk  olaraq   mum fiqurlardan ibarət  “1937 ci il Repressiya qurbanları  Muzeyi”ni  yaradıb.