Bakı
şəhəri Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbdə “Şuşanın
270 anı” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə
tanınmış jurnalist, filmin müəllifi Lalə Azərtaş, Şəhid Rövlan Məmmədovun
valideynləri Solmaz Məmmədova və Qurban Məmmədov, jurnalist Kərəm Ələsgərov
həmçinin, 194 nömrəli məktəbin kollektivi iştirak ediblər.
Əvvəlcə qonaqlar
məktəbin dəhlizində Şuşa ilinə həsr olunan müxtəlif divar rəsmləri və
şagirdlərin əl işlərilə tanış olublar. Ardınca “Cəmiyyətin və Medianın
İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş filmin ərsəyə
gəlməsi ilə bağlı görülən işlər haqqında məlumat verib. O bildirib ki, layihə
çərçivəsində Azərbaycan, rus və ingilis dillərində https://loveshusha.com adlı sayt da
yaradılıb. Saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən
müharibəsindən sonra qısa müddət ərzində şəhərdə gerçəkləşdirilən quruculuq
işləri ilə bağlı məlumatlar, həmçinin şəhərlə bağlı fotolar və məqalələr
toplanıb.
Tədbirdə, həmçinin layihə çərçivəsində
hazırlanan “Şuşa 270” adlı nəşr təqdim edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan,
ingilis, və rus dillərində yüksək keyfiyyətlə hazırlanan nəşrdə Şuşa sakinləri
üçün əziz olan və işğal zamanı bütün təhlükələrə baxmayaraq, şəhərdən
çıxardıqları əşyalarla bağlı məlumatlar əksini tapıb. Eyni zamanda, məktəbin
direktoru Elnarə Zeynalova öz çıxışında Vətən müharibəsi ilə bağlı fikirlərini
paylaşıb, müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının
canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edildiyinin bizim üçün
qürur örnəyi olduğunu bildirib. Şagirdlərə Vətənə sevginin uşaq yaşlarından
aşılanmalı olduğunu xüsusi qeyd edib.
Qeyd edək ki, “Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın
İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!”
layihəsi çərçivəsində ərsəyə gəlib.