Şuşa +16 °C  
"Salam Şuşa" - gənc şairin öz ifasında

"Salam Şuşa" - gənc şairin öz ifasında

Səma Zamiq qızı İmanova. 10 iyun 2000-ci ildə Füzuli rayonunda anadan olub. 2018-ci ildə Ağdam rayon 33 saylı tam orta məktəbini bitirib. Kiçik yaşlarından bədii qiraətlə məşğul olub,  eyni zamanda  vətənpərvərlik mövzusunda şeirlər, məqalələr yazmağa başlayıb. Ölkə üzrə keçirilən şeir, qiraət və inşa müsabiqələrində dəfələrlə qalib olub.  İncəsənətə olan sevgisi, xüsusilə aktyorluğa duyduğu marağın nəticəsi olaraq məktəbi bitirdiyi il qəbul olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Teatr sənəti fakültəsi, Dram teatrı və kino aktyorluğu ixtisası üzrə bitirib.  Hazırda dövlət tədbirlərində təşkilatçı və aparıcı kimi fəaliyyət göstərir.  Səma Zamiqqızı bu il Türkiyədə 14 ölkənin iştirakı ilə keçirilən "Yüzüncü yıl marşı" yarışmasında  şeir  mərhələsi  üzrə ölkəmizi təmsil edərək qalib olub. Səma qələbəmiz münasibəti ilə yazdığı "Salam Şuşa" şeirini  loveshusha.com saytına təqdim edib.   

Salam Şuşa!

Salam Şuşa, eşidirsən?

həmin səsəm

Səni hər gün yuxulara səsləyən səs

Salam Şuşa,tanıdınmı?

həmin kəsəm

Bu görüşə hər gün ümid bəsləyən kəs.

**

Sən tanıdın,

Qucaq açdın.

Bil ki görüb bu qolları,

Qarşıma çıxan yolları,

Qaça qaça gəlmişəm mən

Cıdır düzün görmüşəm mən.

Canlanmışam bulağından su içəndə

Dua edib Gövhər Ağa məscidində

Xəbər aldım sən də bizi gözləmisən

Kövrək Xarı bülbülləri

Öz köksündə gizləmisən

Keçən bu qəmli illəri

Susub sakit izləmisən

**

İndi susma,danış Şuşa

Gör çatmışam hansı yaşa

Danış qoy qəlbim alışsın

İndi səndən istəmirəm kimlərsə mənə danışsın

İstəyirəm özün məni danışdırıb dindirəsən

Öz bənzərsiz səsinlə sevindirəsən

**

İndi susma, danış Şuşa

Sən igidlər məskənisən başdan başa

Gördün necə vuruşdular mərd oğullar?

Gördün necə olmuşdular

düşməninə dərd oğullar?

Gördünmü haqqın önündə

haqsız düşmən baş əyəndə?

Gördünmü o boş başlara

dəmir yumruqlar dəyəndə?

**

Zəfərə qığılcım olan

İlqar,Polad adlı bir nəfəs var idi,unutmuram!

Mərd Hikmətin baxışında neçə şəhid kəs var idi,unutmuram!

Topçu Vüsal duruşunda tarixi bir dərs var idi,unutmuram!

"Əziz Şuşa Sən azadsan!" deyiləndə

Ürəkləri alışdıran hiss var idi,unutmuram!

**

Vətən,millət yolunda and içib gəldik

Sənə çatdıq!

Qarşımıza çıxan mənfur düşmənləri biçib gəldik

Sənə çatdıq!

Cəbrayılın amalından keçib gəldik

Xudayarın xəyalından keçib gəldik

Sənə çatdıq!

**

Çatan kimi torpağını düşmənin qəddar izindən təmizlədik

Yaralı,kövrək qəlbini

Üzeyirin bəstəsiylə

Bülbülün həzin səsiylə

Qarabağ şikəstəsiylə əzizlədik...

**

Sən sonsuz bir ümid oldun,

bütün ürəklərdə bitən

Sənsən şəhid anasının

sağ olsun dediyi Vətən

İgidlər sənə qovuşdu,

sən əbədi dincliyinə

Bundan sonra biz də səni

qaytararıq gəncliyinə

Sən özün də bizim üçün

işıqlı bir gələcəksən

Əziz Şuşa sən azadsan,

Sən yenə dirçələcəksən!!!