209 nömrəli tam orta məktəbdə "Şuşanın 270
anı" bədii-sənədli filmin təqdimatı keçirildi. Tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra ərazi
bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edildi. Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov,
“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri,
tanınmış aparıcı Lalə Azərtaş, şəhid anaları, qazilər, filmin ideya müəllifi və
redaktoru Kərəm Ələsgərov, müəllim, valideyn və şagirdlər iştirak edirdilər. Tədbiri
çıxış sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva xalqımızın qazandığı
tarixi Zəfərdən danışaraq qeyd etdi ki, Azərbaycan xalqı bu gün sözlə ifadə
edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz
fərəh, qürur hissləri ilə yaşayır. Bu zəfərlə biz ərazilərimizin 30 illik
işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən
tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Daha sonra Lalə Azərtaş
filmin ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında söz açaraq qeyd etdi ki,
“Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai
Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi
ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib.
Tədbir “Şuşanın 270 anı" bədii-sənədli filminin nümayişi ilə davam etdi. Tədbirin
sonunda məktəbin şagirdlərinin ifasında Şuşaya həsr olunan rəqs və mahnılar səsləndirildi.
Sonda Səbahət Ağayeva başda Lalə xanım, Zülfüqar müəllim, Kərəm müəllim olmaqla
gələn bütün qonaqlara öz dərin təşəkkürünü bildirdi və hər kəslə xatirə şəkilləri
çəkildi.
\