Müdafiə
nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə
dislokasiya olunan hərbi hissələrdə olublar.
Əvvəlcə birliyin idarə heyəti ilə görüşən Baş Qərargah
rəisi müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti
üzrə şəxsi heyətə çatdırıb. Şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş
hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin
intensivliyinin artırılması barədə tapşırıqlar verib.
Sonra döyüş mövqelərində növbətçilik aparan heyətlə
görüşən general-polkovnik K.Vəliyev onun döyüş və mənəvi-psixoloji hazırlığını
yüksək qiymətləndirib.
Daha sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi
bir neçə hərbi hissələri, o cümlədən Komando hərbi hissəsini ziyarət edib, həmçinin
Şuşada xidmət edən hərbi qulluqçularla görüşüb.
General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi
heyət üçün yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da
artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması barədə
tapşırıqlar verib.
Şəxsi heyətlə görüşlərdə Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi altında Orduda aparılan islahatlar çərçivəsində əldə
olunmuş nailiyyətlərdən danışan Baş Qərargah rəisi həyata keçirilən tədbirlər nəticəsində
Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanlarının xeyli artdığını qeyd edib.
Müdafiə nazirinin birinci müavini şəxsi heyətin
taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə
saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin keyfiyyətinin daha da
artırılması, həmçinin qazanılan döyüş təcrübəsinin növbəti ildə keçiriləcək təlimlərdə
də geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar
qoyub.
Şəxsi heyətlə birlikdə nahar etdikdən sonra Baş Qərargah
rəisi hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və Müdafiə Nazirliyinin rəhbərliyi
adından onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni
il bayramı münasibətilə təbrik edib.