Müdafiə naziri general-polkovnik Zakir
Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bölmələrində, xüsusilə də
çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrdə
istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili
üçün nazirliyin müvafiq qurumlarının nəzarəti ilə bütün zəruri tədbirlər həyata
keçirilib və hazırda da bu istiqamətdə görülən işlər plana uyğun davam
etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata
görə, bölmələrimizin döyüş mövqelərində gecə və gündüz döyüş növbətçiliyinin
aparılmasını mümkün etmək məqsədilə qış dövrünə hazırlıq planına əsasən soyuq
iqlim üçün xüsusi isti geyimlər paylanılıb, zəruri dərman preparatlarının və
odun, kömür, o cümlədən maye yanacağının tədarükü görülüb.
Yeni istifadəyə verilmiş birləşmiş anbarlar
vasitəsilə Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün
bölmələrin cari təminatı fasiləsiz həyata keçirilir. Müalicə və müayinə olunmaq
məqsədilə təxliyəsi zəruri olan hərbi qulluqçuların, eləcə də yüklərin
daşınması üçün xüsusi texnika və xizəklərdən istifadə edilir, dağlıq və soyuq
bölgələrdə xidmət edən şəxsi heyətin qidalanmasında immuniteti gücləndirən
ərzaqlara və digər qidalara üstünlük verilir.
Əlavə olaraq mövsümi xəstəliklər və
donvurma halları ilə bağlı şəxsi heyətlə mütəmadi olaraq marifləndirici
söhbətlər aparılır, lazımi profilaktik tədbirlər görülür. Qabaqlayıcı
addımların nəticəsidir ki, ordumuzun bölmələrində donvurma halı qeydə
alınmayıb.
Qış mövsümündə təxliyə yollarının işlək
vəziyyətdə saxlanması məqsədilə Mühəndis Qoşunlarının digər dövlət qurumları
ilə qarşılıqlı fəaliyyəti nəticəsində təminat və digər yolların qardan
təmizlənməsi növbəli şəkildə icra olunur, yeni yolların çəkilməsi prosesi davam
etdirilir.
Təkcə Kəlbəcər və Laçın rayonları
ərazisində cari ilin əvvəlindən bu günədək 804 km yolun qardan təmizlənməsilə
hərbi, eləcə də mülki nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.
Yüksək qar örtüyünün düşməsi ilə əlaqədar
təhlükəli ərazilərə əlavə işarəverici çubuqlar basdırılıb, şəxsi heyət
təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı təlimatlandırılıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan
Ordusunun bütün hərbi hissələrinin, o cümlədən çətin relyefli və dağlıq
ərazilərdə dislokasiya olunan bölmələrimizin şəxsi heyətinin mənəvi-psixoloji
vəziyyəti yüksək səviyyədədir, qarşıya qoyulan xidməti-döyüş tapşırıqları qış
dövründə də yüksək peşakarlıqla icra olunur.