1989-cu
ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi
Azərbaycan İcması” adını almış təşkilat hazırda Ermənistan adlanan, əsrlər boyu
tarixi vətənlərindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə
məşğuldur.
İndiki Ermənistan ərazisindən
azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə
misli-bərabəri olmayan ədalətsizlikdir.Bu fikirlər Qərbi Azərbaycan
İcmasının müraciətində yer alıb.
Bəyanatda,
həmçinin bildirilir ki, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər
hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, kütləvi qətliam
və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması
yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və
1988-1991-ci illərdə, xüsusilə şiddətli və amansız olub. Bu aktların, o
cümlədən 1918-21-ci illərdə “Ermənistan respublikası”, “Dağlıq Ermənistan
respublikası” adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil
olmaqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələri Ermənistana
vermiş və yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi
qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və 1988-91-ci illərdə
Ermənistan SSR-nin əməllərinin nəticələri hələ də qalmaqdadır. Aparılmış etnik
təmizləmə nəticəsində 1991-ci ildən həmin ərazidə müstəsna olaraq ermənilər
yaşayır.
Diqqətə çatdırılıb ki,
Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o
cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları
dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı seçkilik
həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər
cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət
səviyyəsində şöhrətləndirilir.
Presedenti olmayan bu haqsızlıq
Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratmış və onları Azərbaycan
Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı ərazi iddiasına,
güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və
insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib.
Azərbaycan Respublikasının
Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə
əməliyyatının qələbə ilə başa çatması haqq-ədalətin bərpa olunması
istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb.
Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz
evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və
sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir
və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid törədir.
İndiki Ermənistandan qovulmuş
azərbaycanlı icmasının ötən onilliklər ərzində mötəbər təmsilçisi olan
təşkilatımız İcmanın pozulmuş hüquqlarının bərpa edilməsi uğrunda fəaliyyətini
daha fəal şəkildə davam etdirmək əzmindədir. İcma Ümumdünya İnsan Hüquqları
Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların
Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş
geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistandan qovulmuş
azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və
oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin
olunmasına çalışır.
Beynəlxalq ictimaiyyətin insan
hüquqlarına getdikcə daha artıq əhəmiyyət verməsi və Ermənistandan qovulmuş
azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq istəyi İcmanı bu fəaliyyəti daha
intensiv şəkildə aparmağa ruhlandırır.
Bütün bunları nəzərə alaraq,
Qərbi Azərbaycan İcması: Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan
coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində
öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və
oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb
edir;
Azərbaycan Respublikası
hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq
verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait
yaratmasına görə təşəkkür edir, vətənindən qovulmuş azərbaycanlıların
beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə
qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının
təmin edilməsinə bundan sonra da köməklik göstərməyi xahiş edir;
Birləşmiş Millətlər
Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq
təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz
evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə
qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının
təmin edilməsinə yardım etməyi xahiş edir.