Şuşa +9 °C  
AQTA-nın Qarabağ və Şərqi Zəngəzur bölmələri yaradılıb

AQTA-nın Qarabağ və Şərqi Zəngəzur bölmələri yaradılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) struktur dəyişiklikləri edilib və mövcud olan 11 regional bölməsi iqtisadi rayonların yeni bölgüsünə uyğun formalaşdırılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, bununla əlaqədar olaraq, işğaldan azad edilmiş əraziləri əhatə edən Qarabağ və Şərqi Zəngəzur, həmçinin Mil-Muğan regional bölmələri yaradılıb.

Qarabağ və Şərqi Zəngəzur regional bölmələrinin yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirlərinin görülməsi, o cümlədən həmin ərazilərə köçürüləcək əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaratmaqdan ibarətdir. Dəyişikliklərə əsasən, Bərdə rayonunda yerləşən Qarabağ regional bölməsi Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını, Zəngilan rayonunda yerləşməsi nəzərdə tutulan Şərqi Zəngəzur regional bölməsi isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edir.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar hazırda agentlik tərəfindən ölkəyə idxal-ixrac olunan mallara nəzarəti həyata keçirmək üçün sərhəd-keçid məntəqələrinə yaxın ərazilərdə “Qida təhlükəsizliyi nəzarəti məntəqələri” qurulur. Gələcəkdə həmin ərazilərdə beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti zonalarının yaradılması nəzərdə tutulur.