İşğaldan azad edilən ərazilərdə inşa edilən
və tikintisi planlaşdırılan məktəblərlə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyinin
təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan
Əliyev məlumat verib.
Ötən il Tərtər rayonunun Suqovuşan qəsəbə
məktəbinin əsaslı təmir edildiyini xatırladan rəis müavini bildirib ki, həmin
təhsil müəssisəsi istismara verilməsə də, açılışa hazırdır.
F.Əliyev hazırda Şuşada 960 yerlik 1
nömrəli və Ağdam şəhərində 960 yerlik 1 nömrəli məktəblərin tikildiyini
söyləyib. Bildirib ki, hər iki təhsil müəssisəsinin bu ilin sentyabrında təhvil
verilməsi nəzərdə tutulur.
Rəis müavini deyib ki, bundan əlavə,
Özbəkistan hökuməti tərəfindən Füzulidə 960 yerlik məktəb tikilir. Bir də
Cəbrayılda yerli sponsorun təşəbbüsü ilə 960 yerlik məktəb inşa olunur. O,
Füzulidə tikilən məktəbin də bu ilin sentyabrında təhvil verilməsinin nəzərdə
tutulduğunu qeyd edib.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki,
Füzuli Peşə məktəbinin, Kəlbəcərdə 960 yerlik məktəbin, Zəngilanda 960 yerlik
məktəbin, Şuşa Realnı məktəbinin layihələndirmə işləri aparılır: "Bir də
Laçında 2 nömrəli və Zabux-Laçın məktəbinin əsaslı təmirinə başlanılıb. Onların
da bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur".