Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların
komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli
şəxsləri N nömrəli hərbi hissədə olublar.
Müdafiə
Nazirliyindən verilən məlumata görə, hərbi xidmətə yeni çağırılan
gənclərin ən çox toplandığı hərbi hissədə şəxsi heyətin qəbulu prosesi, onların
ilkin təməl hazırlığı kursunda iştirakı və hərtərəfli təminatı yoxlanılıb.
General-polkovnik
K.Vəliyev gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, qanun və
hərbi nizamnamələrin tələblərinə ciddi riayət etməsi, həmçinin onların intensiv
döyüş hazırlığının təşkili və keçirilməsi məsələlərinə xüsusi diqqət
yetirilməsi ilə bağlı vəzifəli şəxslərə tapşırıqlar verib.
Daha sonra Müdafiə Nazirliyinin rəhbər
heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub,
şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib.
Yüksək dağlıq və çətin relyefli ərazidə
hazırlıq keçən komandolarla görüşən general-polkovnik K.Vəliyev hərbi
qulluqçuların praktiki məşqlərində əsas diqqətin döyüşün aparılmasının üsul və
taktikasına yönəldilməsini tapşırıb.
Gündüz və gecə vaxtı keçirilən məşqlərdə
dağ şəraitində taktiki və atəş hazırlığı, dağ yolları, aşırım və
yüksəkliklərdən keçmək bacarığı, həmçinin digər bölmələrlə uyarlıq məsələləri
öyrənilir.
Qoşunların dağ hazırlığı tapşırıqlarında
döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin dağlıq ərazilərdəki təbii
maneələri dəf etmək vərdişlərinin təkmilləşdirilməsinə, ştat silahından, o
cümlədən dronlardan effektiv istifadə edilməsinə, həmçinin gündüz və gecə vaxtı
istənilən hava şəraitində döyüşün aparılması bacarığına xüsusi diqqət
yetirilir.
Baş Qərargah rəisi hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin intensivliyi və keyfiyyətinin daha da artırılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Dumanlı Şuşa