Nüfuzlu
“Orphee classics” səsyazma studiyasında buraxılmış “Şuşa” musiqi albomu artıq
dünya üzrə ən məşhur musiqi yayım platformaları olan “Spotify”, “Amazon” və
“Apple Music”a daxil edilib.
44 günlük Vətən müharibəsində
qazanılan tarixi Qələbəyə, Şuşa şəhərinin 270 illiyinə və Azərbaycan ilə Polşa
arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş albom
2022-ci ilin oktyabrında işıq üzü görüb və musiqisevərlər arasında böyük nüfuz
qazanıb. Layihənin ideya müəllifi və rəhbəri Azərbaycanın Polşadakı səfiri
Nərgiz Qurbanovadır. Layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin, Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa
Yardım Agentliyinin (AIDA) və ölkəmizin Polşadakı səfirliyinin təşkilati
dəstəyi ilə həyata keçirilib.
Alboma görkəmli Azərbaycan və
Polşa bəstəkarları - Üzeyir Hacıbəyli, Myaçeslav Karloviç, Qara Qarayev, Vitold
Lutoslavski, Fikrət Əmirov və Aqşin Əlizadənin tanınmış musiqi əsərləri daxil
edilib.
Bütün musiqi proqramı Polşanın
dünyaşöhrətli orkestri olan “Varsoviya simfoniyası”, həmçinin Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev
tərəfindən Varşava Milli Radiosunda lentə alınıb.
Diskin annotasiyasının müəllifi
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, tanınmış musiqişünas Raya Abbasovadır.