İşğaldan
azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan
təmizlənməsi istiqamətində işlər davam etdirilir. Vətən müharibəsindən sonra 62
min 908 hektar sahədə təmizləmə işləri aparılıb, 39 min 236 ədəd partlamamış hərbi
sursat, 27 min 560 ədəd piyada əleyhinə, 13 min 847 ədəd tank əleyhinə mina
aşkar edilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı
bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara da rast gəlinir.
İşğaldan azad olunmuş ərazilərin
mina və partlamamış hərbi sursatlardan təmizlənməsində Qarabağ müharibəsi
iştirakçıları da iştirak edirlər. Bu gün ANAMA sıralarında 218 nəfər müharibə
iştirakçısı torpaqlarımızın minalardan təmizlənməsinə öz töhfələrini verir.
Onlardan biri - Rəfail Nəcəfov həm torpaqlarımızın işğaldan azad edilməsində,
həm də minalardan təmizlənməsində iştirak etdiyindən qürur duyduğunu bildirib:
“Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.
Mina və hərbi sursatlardan anlayışım olduğu üçün istədim ki, tərxis olduqdan
sonra ərazilərimizin minalardan təmizlənməsində də iştirak edəm. Hazırda
işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsində çalışıram.
Bununla fəxr edirəm”.
Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat meneceri Xaliq Zülfüqarov bildirib
ki, Ağdam rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş
ərazilərdən biri hesab edilir. Rayon işğaldan azad olunandan dərhal sonra
minatəmizləmə qrupları tərəfindən əməliyyatlara başlanılıb.
Xaliq Zülfüqarov aparılan
təmizləmə əməliyyatları zamanı ermənilər tərəfindən qoyulmuş tələ minalara və
sursatlara da rast gəlindiyini bildirib: “İşlədiyimiz müddət ərzində bir çox
mina növləri ilə yanaşı sürpriz minalar, hərbi sursatlarla da rastlaşmışıq.
Məsələn, 122 millimetrlik top mərmisinin üzərinə piyada minasının, 82
millimetrlik minaatan mərmilərinin üzərinə piyada minalarının, tank əleyhinə
minanın üzərinə piyada əleyhinə minanın yerləşdirilməsi faktları aşkarlanıb.
Hətta 3 ədəd tank əleyhinə minanın üzərində 1 ədəd piyada əleyhinə minanın yerləşdirilməsinə
rast gəlmişik. Bərdə-Ağdam yolundan kəndlərə gedən yolun sağ və solunda yerə
basdırılmış 240 millimetrlik turbo reaktiv raket və onun ətrafında qoyulmuş
çoxlu sayda 120 millimetrlik minaatan mərmiləri aşkar etmişik. Nəzərə alsaq ki,
120 millimetrlik minaatan mərmisinin tək partlaması 25-30 metr məsafədə
öldürücü qüvvəyə malikdir. 240 millimetrlik turbo reaktiv raket və onun
ətrafına yığılmış 30-40 ədəd 120 millimetrlik minaatan mərmilərinin eyni
zamanda partlayışı fəlakət törədici ola bilər”.
Ötən dövr ərzində Bərdə-Ağdam
avtomobil yolu, Bərdə-Ağdam dəmir yolu xətti, Evoğlu-Ağdam 35 kV-luq elektrik
xətti, Xındırıstan-Ağdam 110 kv-luq elektrik xəttinin keçdiyi ərazilər,
“Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, Ağdam sənaye zonasının,
eləcə də təməli qoyulmuş və tikinti aparılan ərazilər layihələr üzrə
təmizlənərək aidiyyəti üzrə təhvil verilib. Hazırda Ağdam-Füzuli avtomobil
yolu, Azadqaraqoyunlu-Ağdam qaz kəmərinin çəkiləcəyi ərazilər mina və
partlamamış hərbi sursatlardan təmizlənir. 2023-cü ildə şəhərsalma və kənd
təsərrüfatı layihələri üzrə də işlər planlaşdırılıb. Belə ki, Ağdamın müxtəlif
kəndlərinin, əkin sahələrinin, suvarma kanallarının təmizlənməsi də mərhələli
şəkildə həyata keçiriləcək.