Bütün məzarların üzərində ölüm tarixi 20 Yanvar 1990-cı il yazılıb
Bu yaxınlarda Azərbaycanda,
Bakıda oldum. Səfərim zamanı bu şəhərin ən gözəl və gözəl yerlərini, tarixi
abidələrini gəzdik. Bakı füsunkarlığı ilə məni valeh etdi. Dəniz sahilində
sıralanan gözəl binalar, yamyaşıl yeni bağlar könlünüzü açacaq. Şəhərin ən uca
yerində salınmış Şəhidlər xiyabanında da olduq. Mübaliğəsiz deyim ki,
xiyabandakı məzar daşlarının üzərində yazılan adlar, onların doğum və ölüm
tarixləri yaddaşıma əbədi həkk olundu. Çünki burada yatanların hamısı mənim
həmyaşıdlarım idi... Məni müşayiət edən azərbaycanlı alim həmkarım Almaz Ülvi
bu xiyabanın tarixindən danışanda gözlərimin yaşını saxlaya bilmədim.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan
Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun böyük elmi işçisi
dosent Gülnaz Səttarova bildirib. Ölkəmizdə səfərdə olmuş özbəkistanlı alim
Şəhidlər xiyabanında da olub və öz təəssüratlarını qələmə alıb.
Bu ərazi 18-20 yaşlı gənclərin
əsl məzarları idi. 1990-cı il yanvarın 20-də Bakıda keçirilən dinc nümayiş
sovet qoşunları tərəfindən vəhşicəsinə yatırılarkən faciəli şəkildə həlak olan
azərbaycanlı balalar burada dəfn edilib. Bütün məzarların üzərində ölüm tarixi
20 Yanvar 1990-cı il yazılıb. Bir gecənin dastanı kimi. Heyranlığımı artıran,
göz yaşlarımın axmasına səbəb olan qoşa şəkilləri olan məzar daşına həkk
olunmuş gənc bəylə gəlinin qoşa məzarı oldu. Dünən xəyalları ilə göylərdə uçan
bəylə gəlin ertəsi gün yan-yana məzara girdilər. Eşidənlərə əfsanə kimi görünən
belə talelər xiyabanda üç-dörd, bəlkə də, daha çox cərgələnən məzarlar xiyabanı
doldurub. Yaradandan onlara cənnətində yer verməsini yalvarıram. Həmkarım mənə
Qanlı Yanvar kimi tanınan o müdhiş gündə baş verənləri danışdı və onlardan
bəziləri haqqında məlumat verdi. Bir qəbrin başına gələndə qürurla “Bu mənim
əmim oğludur, təzəcə on doqquz yaşı var, tələbə idi” deyib üzüntü ilə göz
yaşlarını sildi. Mən səssizcə ona qulaq asırdım. Xiyabanda başdan-başa
sıralanan soyuq qara daşların üzərindəki şəkillərin altında yazılan rəqəmlərə
baxıram, çoxu 19-20 yaşlarında idi. Başqa bir şəkil qarşısında dayandıq. Bəlkə
də, hər ikimiz ədəbiyyat mütəxəssisi olduğumuz üçün bu şəklin qarşısında bir az
çox dayandıq. Bələdçim Ülvi haqqında danışdı. Altında “Ülvi Yusif oğlu
Bünyadzadə, 1969-1990” yazılıb. 1990-cı ildə o, tələbəlik həyatının qızıl
çağına təzəcə qədəm qoyurdu. Bu mənada biz bərabərik, - sakitcə öz-özümə dedim.
“Bəli, o bizim yaşımızda idi. O, 20 yaşında bu dünyadan köçüb. Vətən üçün
canını fəda edib. O, heç evlənmədi, uşaqları olmadı, amma nəfis şeirləri,
bənzərsiz hekayələri, həmişə onu xatırladan gözəl tərcümələri qaldı”, - dedi.
Mən heyrətlə ona baxdım. “Bəli, Ülvi bənzərsiz şairimizdir. Azərbaycan Dillər
Universitetində təhsil alırdı. Ərəb, fars, rus, ingilis dillərini mükəmməl
bilirdi. Əsgərlik illərində özbək, tatar, qazax yoldaşlarından onların dilini
mənimsəmişdi. Bu haqda məktubları vasitəsilə bibisinə, dostlarına yazdığı
məktublarında qeydləri var. O, məktəb illərindən şeir və hekayələri ilə
tanınıb, sonradan tərcümələri ilə məşhurlaşıb. İkimiz də bir müddət susduq.
İyirmi yaşında. Bu, insan həyatının bahar dövrüdür. Həyatdan həzz aldığı,
sevgidən həyəcanlandığı, qəlbinin sevgi ilə çağladığı, həyat planlarını bir-bir
cızdığı dövrüdür. Xüsusilə bu yaşda gənclərin şövqü, həzzi, sevgisi, cəsarəti
təbii və qaynar olur.
Yolda Ülvinin yaradıcılığından
danışdıq. Həmkarım onun yaradıcılığından xeyli bəhs etdi, əzbər olaraq
şeirlərindən nümunələr dedi. Belə təsirli söhbətlərimizdən sonra bu istedadlı
gəncin əsərlərini oxumaq istədiyimi söylədim. Ertəsi gün AMEA-nın Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunda görüşərkən mənə Ülvi Yusif oğlunun
kitabını verdi. Ülvinin şeirlərini oxuyuram. Qarşıma çıxan ilk şeiri - 1982-ci
ildə sinif yoldaşlarına həsr etdiyi “Vətən üçün ölməliyik” adlı şeirinə nəzər
salıram. 12-13 yaşlı yeniyetmənin vətən haqqında bu qədər həvəslə şeirlər
yazması heyrətamizdir: “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!”
“Ömür yolu” adlı poeması gənc
şairin vətənlə bağlı hisslərini daha geniş üzə çıxarmağa imkan verir:
Qarabağdı mənim dinim
–imanım,
O torpağın nişanəsi,
iziyəm.
Məni belə aciz görmə
qəbirdə,
Qəbirdə də Qarabağın
özüyəm.
Bu misraları yazanda Ülvinin
cəmi 18 yaşı olub. Bu, gəncin ölüm haqqında deyil, yaşamağın sevinci haqqında
düşünməli vaxtıdır. Amma ölkəsinin bir qarış torpağını belə müqəddəs hesab edən
hər bir insan üçün onun uğrunda canından keçmək şərəflidir. Gənc Ülvi belə bir
mübarizə yolunda şəhid olub. Ülvi şeirləri ilə yanaşı, bir neçə hekayə də
yazıb. “Vəfa”, “İnsan” kimi hekayələrində insana xas olan səmimiyyətdən,
sevgidən, hikmətdən, sədaqətdən, məğrurluqdan bəhs edir. Əcdadlarımızın qoyub
getdiyi rəvayətlərlə başlayan “Sədaqət” hekayəsində yanımızda olan
əzizlərimizin mehr-məhəbbətindən, dərd-qüssə görməməyimizdən yazır, “İnsan”
hekayəsində isə mənsəbə, vəzifəyə görə insanlığını itirən, sonradan da onun
arxasınca ağlaya-ağlaya gələn gözəgörünməz insanların bədii obrazını yaradır.
Onun tapıntıları oxucunu düşündürür.
Səfərdən qayıtmağımızdan xeyli
vaxt keçib. Vətənə qayıdandan sonra bu həmyaşıdımın əsərlərini oxuyub onlar
haqqında öz fikirlərimi yazmaq istədim. Ülvinin yaradıcılığı ilə yaxından tanış
olmağı, onu özbək oxucularına təqdim etməyi özümə borc bilirdim. Mən Ülvi
Bünyadzədanın əsərlərində bədii cəhətdən mükəmməllik, şeirlərində gözəl
təşbehlər axtarışında aramadım. Amma hər birində onun sadə və məsum qəlbini,
Vətənə, xalqa, insanlığa məhəbbətini əks etdirən səmimiyyətini gördüm.
Qeyd edək ki, yazını şəhid
Ülvi Bünyadzadənin bibisi Almaz Ülvi özbək dilindən Azərbaycan dilinə tərcümə
edib və hazırlayıb.