Azərbaycanda 1990-cı
il yanvarın 20-də baş vermiş faciədən 33 il keçir.1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş
katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik
Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın
bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli
silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Sovet
ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin
Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət
edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82
nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə
vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər
öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın
25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə,
qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131
nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar
və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların
qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət
olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər
və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin
müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.
Hərbi
qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım
maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində
külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
1990-cı
il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə,
Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.
Faciədən
dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə
üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək
doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi
bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik
edənləri ifşa edib.
Yanvar
faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin
sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və
qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq,
Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar
şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı
dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə
Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində
fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın
qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin
sessiyada iştirak etməyib.
1994-cü
il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar
faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə
hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq
hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar
Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Xüsusi
tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək
məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər
xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti
məhdudlaşdırılacaq. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az
istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Yanvarın
20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs
siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın
dövlət bayraqları endiriləcək.
Dünya
ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın
xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan
icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Dumanlı Şuşa