Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli
Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.
DİM-dən
bildirilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu
internet vasitəsilə aparılır.
Bakalavr
yanvarın 24-dən fevralın 9-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az
səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra ərizə
vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə
edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az
internet səhifəsində tanış ola bilərsiniz.
Bakalavr
“Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə yanvarın 24-ü
saat 10:00-dan fevralın 9-u saat 23:59-dək Mərkəzin internet saytının müvafiq
səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize)
daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir
(etdirir).
Azərbaycan
Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan
Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil
Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin
müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış
şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin
rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri
təsdiq etməlidirlər. Xarici ölkələrdə ali təhsil almış, lakin ixtisasın
tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən
sənədləri olmayanlar, ilk növbədə, Elm və Təhsil Nazirliyinə müraciət edib
müvafiq sənədləri əldə etdikdən və məlumatlar nazirlik tərəfindən elektron
məlumat bazasına daxil edildikdən sonra “Bakalavrın elektron ərizəsini” təsdiq
edə bilərlər.
Digər
bakalavrlar göstərilən müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış
Sənəd Qəbulu Komissiyasına (DİM-in inzibati binası, Nəsimi rayonu, akademik
Həsən Əliyev, 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Magistraturaya
qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi
intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil
biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul
imtahanının (I cəhd) fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda
bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq formalı
5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o
cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.
Qəbul
imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Qəbul
elanının tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub. Jurnalda
həmçinin “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri,
“Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi,
magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi
intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici
dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.
Jurnalı
kitab köşklərindən almaq və ya www.abiturient.az saytından
sifariş etmək olar.