Yanvarın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına
dair mətbuat konfransı keçirib.
Konfransda Azərbaycan Respublikasının Prezidentinin
Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya
şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün
Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin
müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin
qalibləri, layihə rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Konfrans şəhidlərimizin əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Agentliyin icraçı direktoru Aygün Əliyeva
mətbuat konfransının məqsədi haqqında məlumat verib və bildirib ki,
Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham
Əliyevin sərəncamından irəli gələrək ötən il Agentlik “Şuşa İli”nə həsr olunmuş
xüsusi qrant müsabiqəsini elan edib. Qrant müsabiqəsinə 227 qeyri-hökumət
təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22 QHT layihəsinin
maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. Qalib
gələn layihələrin əsas qayəsində Şuşanın tədqiqinə həsr olunmuş layihələr, eyni
zamanda, blogerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa
şəhərinə səfərlərinin təşkili, orada düşərgələrin keçirilməsi olub. Həmçinin
xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin, elmi
konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunub.
Bu gün təşkil edilən mətbuat konfransının əsas məqsədi həmin layihələr
çərçivəsində görülən işləri medianın diqqətinə çatdırmaqdır.
Daha sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant
müsabiqəsinin nəticələri haqqında film təqdim olunub.
Təqdimatdan sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi
qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri icra olunmuş layihələrlə bağlı
jurnalistlərin suallarını cavablandırıblar.
Suallardan
sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya
şöbəsinin müdiri Pərvin Məmmədova layihə qaliblərinin Qarabağ Dirçəliş Fonduna
ianə etmələrini müsbət hal kimi qiymətləndirərək bildirib ki, bu təşəbbüsün
dəstəklənməsi, həyata keçirilməsi doğma Qarabağımızın yenidən bərpasına xidmət
edəcək. "İnanıram ki, vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə
yaxından iştirak etməklə Qarabağımızın bərpası prosesinə öz töhfələrini
verəcək", - deyə Pərvin Məmmədova vurğulayıb.
Prezident
Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya
şöbəsinin məsul əməkdaşı Rahu Şirinova deyib: “Şuşa İli”nə həsr olunmuş
layihələrin miqyası sosial media seqmenti üzrə də monitorinq edilmiş və layihələr
barədə məlumatlar, paylaşımlar, Qarabağ - Şuşa məkanının sosial medianın
müxtəlif platformalarda dünya trendinə çıxdığı xüsusi proqramlar vasitəsilə
təsdiqlənib. Layihələrin nəticələri müsbət qiymətləndirilib.
QHT-lərə
Dövlət Dəstəyi Agentliyinə Qarabağ Dirçəliş Fondu tərəfindən ianə sertifikatı
təqdim olunub.
Mətbuat konfransına şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” kompozisiyası ilə yekun vurulub.
Dumanlı Şuşa