Xarici İşlər Nazirliyi
(XİN) BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar
bəyanatına münasibət bildirib.
Bununla bağlı
nazirlikdən verilən məlumatda deyilir:
"24 yanvar
tarixində BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı
qərəzli, həqiqəti əks etdirməyən və təşkilatın mandatına aid olmayan
məsələlərlə bağlı bəyanatı təəccüb və təəssüf doğurur.
Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 il ərzində öz evlərindən
didərgin düşmüş, illərlə çadır şəhərciklərində, atılmış qatar vaqonlarında,
düşərgələrdə heç bir sağlamlıq şəraiti olmayan mühitdə yaşamış, təhsil, səhiyyə
və bütün digər hüquqlardan məhrum olmuş yüz minlərlə azərbaycanlı ailənin
acınaqcaqlı vəziyyətinə münasibət bildirməyən BMT-nin Əhali Fondunun
azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir.
Azərbaycanın təbii
sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana
daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan
sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Azərbaycanın suveren
ərazisi olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim
hüququdur.
Erməni sakinlərin
kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın
milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması
zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanata uyğun
olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə
vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik
zəmanəti verir. Təhlükəsizlik zəmanəti həmçinin Laçın yolundan sui-istifadənin
qarşısının alınmasını ehtiva edir.
Xarici İşlər
Nazirliyinin son bir ay ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, Laçın
yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən
heç bir maneə tətbiq edilmir və guya etirazların bölgədə “humanitar fəlakət”
yaratdığı barədə iddialar əsassızdır. Etirazlar başlayan gündən yoldan istifadə
etməklə sayı 1000-dən artıq olan nəqliyyat vasitələri sakinlərin istifadəsi
üçün gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlərlə
təmin olunublar. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə
biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır
olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni
sakinlərin “liderləri” kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini
davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməkdə davam edir
və onların hərəkət azadlığına mane olurlar.
Qeyd edilənlərlə
əlaqədar, BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl
gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq".