Azərbaycanın
zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx
bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropa auditoriyasında
tanıdılması məqsədilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi
nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən Avropa Şurasının
mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi təşkil edilib.
Nümayəndəlikdən verilən xəbərə
görə, sərgi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il 23-27
yanvar tarixlərində keçirilən qış yarım sessiyasını əhatə etməklə, 23 yanvar –
3 fevral tarixləri arasında keçirilir. Burada Azərbaycanın müxtəlif xalçaçılıq
məktəblərini ehtiva etməklə xalça nümunələri və xüsusi zövqlə çəkilmiş fotolar
sərgilənir, habelə mutlimedia vasitəsi ilə xalçaçılıq sənəti ilə bağlı
görüntülər nümayiş etdirilir və Heydər Əliyev Fondu tərəfindən çap edilmiş
Azərbaycanın tarixi xalçaçılıq məktəblərini tanıdan və təbliğ edən kitablar
təqdim edilir.
Sərginin rəsmi açılış mərasimi 25 yanvar
tarixində – ölkəmizin Avropa Şurasına üzvlüyünün 22-ci ildönümündə baş tutub.
Tədbirdə Avropa Şurasının Baş katibi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
sədri, Avropa Şurası Katibliyinin yüksək vəzifəli əməkdaşları, Strasburqdakı
diplomatik korpusun nümayəndələri, AŞPA üzvləri və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Açılış çıxışında Azərbaycanın təşkilat
yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov ilk olaraq 2001-ci yanvarın 25-də
Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının Ümummilli lider Heydər
Əliyevin iştirakı ilə təşkilatın mənzil qərargahı qarşısında qaldırıldığını
xatırladıb. Üzvlüyümüzün ötən 22 ilinə nəzər salan F.İsmayılov bu müddətdə
çoxsaylı uğurların əldə edildiyini vurğulamaqla yanaşı, müxtəlif illərdə Avropa
Şurası ilə münasibətlərdə enişli-yoxuşlu dövrlərin də olduğunu qeyd edib. O,
hər bir halda bu gün Azərbaycan Respublikasının Avropanın demokratik millətlər
ailəsinə mənsub olduğunu və Avropanın multikultural kimliyinə öz dəyərli
töhfələrini verdiyini söyləyib.
Avropa Şurasının Baş katibi Mariya
Peyçinoviç Buriç çıxış edərək, sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz
və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək
qiymətləndirildiyini və onun qorunmalı olduğunu bildirib. O, Avropa Şurasının
“müxtəliflikdə birlik” anlayışı ilə mədəniyyət sahəsinə böyük önəm verdiyini
söyləyib. Azərbaycanın təşkilata üzvlüyünün 22-ci ildönümü münasibəti ilə
təbrik edən Baş katib ölkəmizin qurumun çox sayda konvensiyasına qoşulduğunu
xatırladıb. Təşkilatın rəhbəri Azərbaycanın həmişə mədəniyyətlərarası dialoqa
xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, bu sahədə ölkəmizin xüsusi rolunu qeyd
edib.
"Azərxalça" Açıq Səhmdar
Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək, rəhbərlik
etdiyi “Azərxalça”nın tarixindən söz açıb. Bildirib ki, ötən əsrin birinci
yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin
Sərəncamı ilə yenidən strukturlaşdırılıb. O, xalqımızın zəngin və nadir mədəni
irsi olan xalçaçılıq sənəti haqqında danışaraq, nəsildən-nəslə ötürülməsinin
əhəmiyyətindən söz açıb. Sonra natiq xalçaçılıq üzrə mövcud müxtəlif
məktəblərindən bəhs edərək, “Azərxalça”nın əsas məqsədinin xalçaçılıq
ənənəsinin qorunub-saxlanılması və bu sənətin daha da inkişaf etdirilməsi
olduğunu qeyd edib. Nadir xalçaların ərsəyə gəlməsində yerli və xarici
rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara
istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim
inkişaf etdiyini diqqətə çatdırıb. O, “Azərxalça”da dünyada nadir sənət
əsərləri sayılan xalçaların toxunduğunu xüsusi söyləyib.
Açılış mərasimində Bakı xalçaçılıq məktəbinə məxsus bir xalça Avropa Şurasına hədiyyə edilib.