Son 2 ildə Azərbaycanın
işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard
manat vəsait xərclənib.
Maliyyə Nazirliyindən
verilən məlumata görə, bu barədə nazir
Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.
Qarabağın və Şərqi
Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını
xatırladan kollegiyanın sədri qeyd edib ki, yenidənqurmanın və bərpanın ikinci
ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət
büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb: “Bu məqsədlər
üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 %-dən çox
artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi
hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş
ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5
milyard manat vəsait maliyyələşdirilib”.
Xatırladaq ki, 2023-cü
ildə Qarabağın bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə
tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin
təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.
Bu il sözügedən
xərclərin büdcə xərclərində xüsusi çəkisi 9 %, ümumi daxili məhsulda (ÜDM)
xüsusi çəkisi isə 2,8 % təşkil edəcək.