Azərbaycan Türk və
Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də həm siyasi,
həm də iqtisadi sahədə sıx əlaqələr qurmağı bacarıb. Bu baxımdan,
Azərbaycan-Macarıstan əlaqələri xüsusi diqqət çəkir.
Hazırda Bakı ilə
Budapeşt arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir.
Əvvəlcə iki ölkə
arasında siyasi əlaqələrin inkişaf dinamikasına nəzər yetirək:
-
Azərbaycan-Macarıstan diplomatik əlaqələri 1992-ci ildə qurulub;
- 2004-cü ildə
Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi
təsis olunub;
- Milli Məclisdə
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət
göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın
təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir;
- İndiyədək iki ölkə
arasında 50 sənəd imzalanıb;
- Ölkələr BMT, ATƏT,
NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı
çərçivəsində davamlı əmədaşlıq edir.
Təbii ki, Azərbaycanla
Macarıstan arasında siyasi əlaqələrin sistemli inkişafı iqtisadi münasibətlərin
də möhkəmlənməsinə gətirib çıxarır. Bu inkişafı ölkələr arasında ilbəil artan
ticarət dövrüyyəsində də hiss etmək olur. İki ölkə arasında imzalanmış strateji
tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir
sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli
baza rolunu oynayır.
Azərbaycan-Macarıstan
iqtisadi əlaqələrinin inkişafına nəzər salaq:
- Azərbaycanda 21
Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət,
xidmət sahələrində fəaliyyət göstərirlər;
- Macarıstan
Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi),
Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb;
- İki ölkə arasında
ticarət dövrüyyəsi da ilbəil artır. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında
ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə
47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81
faiz artım deməkdir;
- Rəsmi Budapeşt Cənub
Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir. Macarıstanın enerji sahəsindəki əsas
hədəflərindən biri CQD-yə qoşulmaqdır. Macarıstan tərəfi CQD-nin Məşvərət
Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində
təmsil olunur;
- 2022-ci ildə Ələt
Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma
Memorandumu imzalanıb;
- İki ölkə arasında
logistika sahəsində də inkişaf müşahidə olunur. Macarıstanın “Wizz Air” şirkəti
Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.
- Ötən il dekabrın
17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri
arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş
imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə
Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi
(Qara Dəniz Sualtı Elektrik Enerjisi Xətti) layihəsinin reallaşdırılmasını
nəzərdə tutur.
Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini bütün dövrlərdə əməldə sübut edən rəsmi Budapeşt
işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan bərpa-quruculuq işlərində
yaxından iştirak edir. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə
minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro
ianə edib.
Göründüyü kimi,
Azərbaycan-Macarıstan ticari əlaqələrinin daha da inkişaf etdirilməsi üçün
sistemli iş aparılır. Bu məqsədlə hər iki ölkə siyasi və iqtisadi
münasibətlərlə yanaşı, enerji, nəqliyyat və logistika sahəsində də əməkdaşlığa
böyük önəm verir.
Xüsusilə qeyd etmək
lazımdır ki, Avropa dövləti Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi
statusunda təmsil olunur. Bu isə iki ölkənin vahid hədəflərinin və ortaq
maraqlarının olduğunun göstəricisidir.
Macarıstanın həm
Avropa İttifaqının üzvlüyü, həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində
təmsil olunması əlaqələrin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir.
Bu ölkələrin beynəlxalq aləmdə bir-birinin maraqlarını dəstəkləməsi baxımından
da önəmlidir.
Həmçinin Bakı ilə
əməkdaşlıq Budapeşt üçün Avropada yaşanan qaz böhranı fonunda çox faydalıdır.
Ona görə də Prezident
İlham Əliyevin Macarıstana dördüncü səfəri Bakı-Budapeşt əlaqələrində yeni
mərhələnin başlanğıcı hesab olunur.
Səfərin məqsədi
ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və
qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə
verməkdir.
Əlaqələrin
möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev və
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan
arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni
imzalayıblar.
Həmçinin Prezidentin
səfəri çərçivəsində Azərbaycanla Macarıstan arasında müxtəlif sahələrdə
imzalanan sənədlər də qarşılıqlı əlaqələrin inkişafının göstəricisidir.
İmzalanan sənədlər
sırasına miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər,
bitki karantini və bitki mühafizəsi, təbii qaz əməkdaşlığı haqqında Anlaşma
Memorandumlar var.
Bundan başqa,
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici
İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol", Şuşa və
Macarıstanın Vesprem şəhəri arasında Anlaşma Memorandumu imzalanıb.
Xüsusilə
vurğulanmalıdır ki, genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə
Bəyannaməni tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin
beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə
hazırlıqlarını ifadə edirlər.
Həmçinin enerji
sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunan
mövzular arasındadır. Çünki 2022-ci ilin iyulun 18-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti
xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər
təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.
Göründüyü kimi,
Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban
dostluq münasibətlərinə söykənir. Prezidentin bu səfərinin iki ölkə arasında
əməkdaşlığa böyük töhfə verəcəyini, dostluq münasibətlərimizi daha da
möhkəmləndirəcəyini əminliklə deyə bilərik.