Qırğız
ekspertlər Laçının yüksək dağlıq ərazilərində yaradılmış yak təsərrüfatına
baxış keçiriblər.
Laçın və Kəlbəcər rayonlarının
yüksək dağlıq ərazilərində fəaliyyət göstərən eksperimental yak təsərrüfatında
monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri
Qırğızıstan respublikasından dəvət olunmuş ekspertlərlə birgə təsərrüfata baxış
keçirib, heyvanları müayinə ediblər.
Nazirlikdən bildirilib
ki, Qırğız ekspertlər yak təsərrüfatının idarə olunması ilə bağlı yerli
mütəxəssislərə təlim keçib, onlara heyvanların təsərrüfatda və vəhşi təbiətdə
davranışları, onlara qulluq qaydaları barədə geniş məlumat veriblər. Xarici və
yerli mütəxəssislər arasında heyvan xəstəlikləri, yakların yem rasionu, döl
dövrünə hazırlıq və digər mövzular barədə fikir mübadiləsi aparılıb.
Təsərrüfatın fəaliyyətini qənaətbəxş hesab edən qırğız ekspertlər yakların
sürətli çəki almasını, yerli şəraitə qısa müddətdə adaptasiya olunmasını Laçın
və Kəlbəcər yaylaqlarının qış otlaqların yem bolluğu, keyfiyyətli su
mənbələrinin olması ilə izah ediblər. Yarımvəhşi formada bəslənən yakların
otlaq sahələrinə baxış keçirilib, otlaqların vəziyyəti dəyərləndirilib, yay
aylarında yakların köç edə biləcəyi potensial ərazilər müəyyənləşib.
Qeyd edək ki, ötən il dekabrın
8-də Azərbaycana ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması
üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.
Proses pilot layihə
çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.
Yaklar gətirilməzdən əvvəl
qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər
keçirilərək müvafiq ərazilər seçilib.
Dağlıq ərazilərdə soyuq iqlim
şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən
edilmiş ərazidə yerləşdirilib. Yaklar mütəxəssis nəzarətində saxlanılır.
Ərazidə heyvanların ovlanmasını
qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Heyvanların təbii
şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı
monitorinqlər keçirir.
Yak heyvan növünün əsas
xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində
yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə
az tələbkardır.
Yakların qoxu bilmə hissləri
digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar
qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla
mənimsəyir.
Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizə qədərdir Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.
Dumanlı Şuşa