Birləşmiş Millətlər Təşkilatının (BMT)
katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT
Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının
rəsmi sənədi kimi yayıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının
Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, müraciət BMT-nin bütün rəsmi
dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adı çəkilən əsas
orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh
quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan
qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik
təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair
bəndləri altında yayılıb.
Müraciətin yayılması indiki Ermənistandan
qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə
gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMTnin ən mötəbər orqanlarının
gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz
evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün,
təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının
beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur icmamızı sülh yolu ilə, təhlükəsiz və
ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha
da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına
şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edir.