Azərbaycanlı
tələbələr Londonun Queen Mary Universitetinin (QMUL) İnsan Haqları Mərkəzində
Ermənistanın Birləşmiş Krallıqdakı səfirinin “Münaqişə zonalarında insan
hüquqları: Dağlıq Qarabağ məsələsi” mövzusunda konfransda iştirakının qarşısını
alıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən
bildiriblər ki, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasına üzv təşkilatın
- Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova buna səbəbin
erməni tələbələrin səfirin görüşünü Azərbaycanın Qarabağ bölgəsindəki erməni
separatçılarının “bayrağı” altında təşkil etmək cəhdi olduğunu deyib. Onun
sözlərinə görə, bu universitetin məzunu Turan Qafarlı tədbir haqqında xəbər
tutan kimi icmamızla və Queen Mary Universitetində təhsil alan tələbələrimizlə
əlaqə saxlayıb.
Ermənilərin qanunsuz hərəkətinin qarşısını
almaq üçün fikir mübadiləsi aparılandan sonra tələbələr Qiyafət Xeyirxəbərli,
Nicat Osmanlı, Akif Qurbanov, Rəna Süleymanova və Kifayət Dəmirlinin adından Queen
Mary Universitetinin prezidenti və direktoru Kolin Qaret Beyliyə müraciət
ünvanlanıb.
Müraciətdə
bildirilib ki, azərbaycanlı tələbələr Universitetin hərbi gərginliyin davam
etdiyi ərazilərdə insan hüquqları məsələləri üzrə müzakirələr təşkil etmək səylərini
yüksək qiymətləndirirlər. Çünki bu, cari məsələlərə işıq salır və mübahisə edən
tərəflər arasında qarşılıqlı anlaşmaya kömək edir. Lakin Ermənistanın səfirinin
iştirak edəcəyi konfrans nüfuzlu akademik qurumların siyasi cəhətdən həssas
mövzulara həsr olunmuş tədbirlərin təşkili və ya keçirilməsi zamanı beynəlxalq
hüququn prinsiplərinə riayət olunmasına zəmanət vermir.
Qeyd
edilib ki, tədbirin təbliği üçün istifadə olunan plakatda qondarma “Dağlıq
Qarabağ respublikası”nın bayrağını təsvir etməklə, ilk növbədə, Azərbaycanın
ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilir və beynəlxalq hüququn
prinsipləri pozulur. Digər tərəfdən belə bir konfransın təşkili Ermənistan
tərəfindən hüquqları pozulmuş azərbaycanlılara qarşı qərəzli münasibət kimi
qiymətləndirilə bilər. Üçüncüsü, tədbir yalnız Ermənistanın Böyük Britaniyadakı
səfirinin simasında erməni tərəfinə öz perspektivlərini ictimaiyyətə çatdırmaq
imkanı verir. Bu da o deməkdir ki, görüş iştirakçıları mürəkkəb məsələ ilə
bağlı yalnız təktərəfli məlumat alacaqlar.
Universitet
icmasının bir hissəsi olmaqdan qürur duyduqlarını bildirən gənclərimiz
rəhbərliyi konfransın təşkilində yaranan problemlərin aradan qaldırılmasına
dəvət ediblər.
Azərbaycanlı
tələbələrin müraciəti erməni səfirinin fevralın 9-da keçiriləcək görüşünün ləğv
edilməsi ilə nəticələnib.