“Zəfər
ağacı” layihəsi üzərində işləyərkən kollektiv olaraq fikirləşdik ki,
Azərbaycanda ilk olacaq bu abidə xalqımızın göyərən arzularının rəmzinə
çevrilməlidir. Bu, gəncliyimizə ünvanlanan ismarıc olmalıdır. Dəmir ağacın
üzərində yarpaqşəkilli metal lövhədə adları qeyd olunan 3 minə yaxın şəhidimiz
öz küllərindən yaranan Səməndər quşu kimi əbədi yaşayacaq.
Bunu
müsahibəsində Sumqayıt Texnologiyalar Parkının əməkdaşı, “Zəfər ağacı”
layihəsinin icraçısı Emil Əzizov söyləyib.
Qəhrəman
Ordumuzun Vətən müharibəsindəki möhtəşəm Qələbəsindən sonra belə bir ideyanın
yaranmasından danışan Emil Əzizov deyir ki, bu abidəni hazırlamaqla Qarabağ
Zəfərində əməyi olan hər kəsə öz ehtiramlarını ifadə etmək istəyiblər: “Düzdür,
belə bir abidə Türkiyədə də var, amma o, sadə heykəltəraşlıq nümunəsidir. Bizim
hazırladığımız abidə isə metaldandır və “Zəfər ağacı” adlanır. İlk dəfə 2021-ci
ildə keçirilən Zəfər yarmarkasında nümayiş etdirdik və böyük maraqla qarşılandı”.
Qardaşı
Teymur Əzizovun Vətən müharibəsi şəhidi olduğunu bildirən Emil layihənin
icraçısı olsa da, onun həyata keçməsində Sumqayıt Texnologiyalar Parkının bütün
kollektivinin xüsusi əməyinin olduğunu söyləyir.
“Zəfər ağacı”nın yerləşdiyi məkan da anlamlıdır - Sumqayıt Şəhidlər xiyabanı. Şəhid məzarlarını ziyarət edən insanlar, həmçinin “Zəfər ağacı”na da baş çəkir, qəhrəman şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad edirlər.
Dumanlı Şuşa