Başlanğıcını
M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan
götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları
birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun
beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.
Layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində
körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda həm də
tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı
Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə
betonlama işləri yerinə yetirilib.Sözügedən 3 viaduk (şərti – V6, V7 və V8
viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78.7-79.7-ci km-lik
hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m,
sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182.5 metr (sol-175 m, sağ-190 m), V8
viadukun ortalama uzunluğu 392.5 metrdir (sol-410 m, sağ-375 m).
Tikintisi yekunlaşan 3 tunel isə (şərti
– T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4
tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m), T5 tunelinin
ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m), T6 tunelinin ortalama
uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m).
Layihə üzrə
yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif
ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3
ehtiyat keçidi inşa edilib.
“İnşaat Norma və
Qaydaları”na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə
yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və
geodivarın, həmçinin və drenaj kanallar üçün ümumi uzunluğu 12210 metr beton
küvetlərin tikintisi, aşınma layına qədər asfakt-beton örtüyünün döşənməsi
işləri də yekunlaşıb.
Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə
uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.