Hörmətli gənclər!
Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü
münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək
əhval-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayıram.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi
günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi
bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü
siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas
istiqamətlərindəndir. Ötən müddətdə apardığımız işlər gənclərin maraqlarının və
ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını
sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının
artmasında əhəmiyyətli rol oynamışdır.
Göstərilən diqqət və qayğının nəticəsidir
ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə
inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün
həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi
gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi
dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin
möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni
irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.
Azərbaycanda həyata keçirilən gənclər
siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına
hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu
formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi
sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək
xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən
müharibəsində Zəfər salnaməsi yazmışdır.
Əminəm ki, Azərbaycan gəncliyi tariximizin
bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək,
yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2023-cü il