Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının
aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə
Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə
qüvvələri qardaş ölkəyə yola düşüb.
Fövqəladə Hallar
Nazirliyindən verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi
Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə
qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.
Axtarış-xilasetmə
əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə
itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər
Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Qeyd edək ki, bu gün
Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək
zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.