Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğana zəng edib. Bu barədə Azərbaycan Prezidentinin
Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyədə baş vermiş zəlzələ
nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı
çox sarsıtdığını və kədərləndirdiyini dedi.
Prezident İlham Əliyev zəlzələ zamanı
həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların
ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından
başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini
bildirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki,
bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin
başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Rəcəb Tayyib Ərdoğan zəngə və
başsağlığına görə dərin təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı dedi ki, onun
tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə
göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə
dərhal fəaliyyətə başlayacaq.
Prezident İlham Əliyev vurğuladı ki,
ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə
yola salınacaq.
Türkiyə Prezidenti bu qardaş
dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını
ifadə etdi.
Dumanlı Şuşa