Şuşa +11 °C  
“Şuşanın 270 anı” filmi 57 nömrəli məktəbdə

“Şuşanın 270 anı” filmi 57 nömrəli məktəbdə

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin “Şuşanı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində çəkilən “Şuşanın 270 anı” bədii-sənədli filmi paytaxdakı 57 nömrəli tam orta məktəbdə nümayiş olunub.Məktəbin direktoru Aytən Sadıqova və İctimai Birliyin sədri, tanınmış teleaparıcı Lalə Azərtaş Vətən müharibəsi zamanı qəhrəman oğulların qanı, canı bahasına qazanılan böyük Qələbənin hər bir anını təbliğ etməyin önəmini vurğulayıblar.

Qeyd edək ki, film Natəvan adlı şuşalı qızın Şuşa ilə bağlı duyğularını əks etdirir. Filmdə Natəvanın uşaqlıq illərini Vətən müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra canlandırıb. Əslən şuşalı olan Natəvan fotoqrafdır və Fransada yaşayır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natəvan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. Filmdəki hadisələr Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı dövrdə cərəyan edir. Natəvan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı fotosərgi vasitəsilə dünyaya çatdırmaqdır. Filmdə real tarixi hadisə - görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş verən və Xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu da canlandırılıb.