Nazirlər Kabinetinin
müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid
kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib.
Təhsildə
Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən qaydalar xarici
dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının
tanınması ilə bağlı aşağıdakı yenilikləri əks etdirir:
1. Bakalavriat (əsas
(baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə xaricdə əldə edilmiş
kvalifikasiyalarla yanaşı, həmçinin ali təhsil pilləsinə qəbul olmaq hüququ
verən, yəni xarici dövlətdə tam orta təhsil və ya orta ixtisas təhsili almış
şəxslərin kvalifikasiyalarının tanınması da həyata keçiriləcək;
2. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə
təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bununla belə, qaydalara əlavədə
nəzərdə tutulmuş tənzimlənən peşə ixtisasları üzrə xarici dövlətlərdə təhsil
almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə
təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Əlavə olaraq,
səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı
Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub;
3. Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və
magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın
hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin
normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması
tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək;
4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura
səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili
üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunacaq;
5. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində
təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə
ehtiyac olmayacaq;
6. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit
sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə)
şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək.
Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan
kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası
hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin
şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək;
7. Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil
kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin
şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin
tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd
təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək
üçün müraciət etmək hüququna malik olacaqlar;
8. Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada
(gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət
olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq;
9. Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası
fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında
verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ
əldə edəcəklər.