Milli
Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından
başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun
xeyli enəcəyi, yağıntılı keçəcəyi, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə
intensivləşəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi
əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, soyuq və yağıntılı
hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli
artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi,
habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik
qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin
dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar
üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi
həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar
nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı
cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər
saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə)
uyğun istifadə edilməlidir.
Bununla yanaşı, səfərə çıxan
insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət
yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk
etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını
əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki
göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin
etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu
seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların
tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik
yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə
geri dönməyi tövsiyə edirik.
Bir sıra ərazilərdə, o cümlədən
Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül
konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq
durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq
tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə
əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, bu zaman yanğın təhlükəsizliyi
qaydalarına ciddi riayət edilməlidir.