Avropa İttifaqı
(Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi
köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə
başlayıb.
Şuşada "Məcburi köçkünlərin
təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin
(ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinin açılışı olub.
Açılışda çıxış
edən Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov
bildirib ki, mina problemi insanların həyatına pis təsir edir, azad olunmuş
ərazilərdə bərpa işlərinə ən böyük əngəl olaraq qalır.
“Mina həmçinin bizim vətəndaşlarımızın
öz evlərinə geri dönməsinə imkan vermir. Azərbaycan hökuməti, ANAMA-nın
rəhbərliyi minalardan təmizlənmə istiqamətində böyük səylər göstərir. Bizim bu
işimizi sürətləndirəcək bütün addımları alqışlayırıq”, - o deyib.
Aydın Kərimov deyib ki, Şuşa azad
olunduqdan sonra şəhərin bərpası istiqamətində böyük miqyaslı işlər başlayıb:
“Sosial layihələrlə yanaşı, enerji
obyektləri tikilir. Şuşada 200-ə qədər tarixi abidə var, lakin 30 illik işğal
dövründə onların çoxuna ciddi zərər verilib, dağıdılıb. Şuşa regionun həm də
əsas turistik şəhərlərindən biridir. Biz şəhərin bu potensialının təşviqi üçün
işləyirik”.
Aydın Kərimov əlavə edib ki, şəhərdə
otellər tikilib.
O, şəhərdə 12 abidənin hazırda bərpa
olunduğunu, onlardan 5-nin şəhərin azad olunmasının ilk aylarında bərpa
edildiyini deyib.
“Beynəlxalq arenada biz Şuşanı,
mədəniyyət paytaxtımızı təbliğ edirik. Əməkdaşlıq memorandumları imzalayırıq,
artıq 6 şəhərlə qardaşlıq sənədi imzalamışıq. Onlardan ikisi Aİ şəhəridir.
Katovitsedə keçirilən Urban forumunda iştirak edərək regionda və Şuşada həyata
keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verdik”, - Aydın Kərimov
deyib.