Azərbaycan hökuməti, Avropa İttifaqı və
BMT-nin İnkişaf Proqramı məcburi köçkünlərin təhlükəsiz qayıdışının
dəstəklənməsi məqsədilə minaların təmizlənməsi üzrə qüvvələrini birləşdirir.
Bu gün Şuşada Aİ, BMTİP və ANAMA
Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə
yeni layihə imzalayıb.
Qeyd edək ki, layihə üçün 4,25 milyon
avro maliyyə töhfəsi verən Avropa İttifaqı bu günə qədər Azərbaycanda
minatəmizləmə əməliyyatlarına ən böyük dəstək verən beynəlxalq təşkilatdır.
Layihə geri qayıdan 33 minə yaxın
ailənin özlərini daha təhlükəsiz hiss etmələrinə və yaşayış vasitələrini bərpa
etmələrinə kömək edəcək. Minaların və partlamamış hərbi sursatların (PHS)
mövcudluğu məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdışının qarşısını
alır. Bunu nəzərə alaraq Aİ, ANAMA və BMTİP öz səylərini mina və PHS-ləri
təmizləyən cavab qruplarını hazırlamaq, təchiz etmək və yerləşdirmək
istiqamətində birləşdirib. Layihə çərçivəsində Azərbaycanda ilk qadın
minatəmizləmə qruplarının yaradılması da nəzərdə tutulur. Bu tədbirlər,
həmçinin layihə müddətindən sonra da münaqişədən zərər görmüş ərazilərdə
insanların həyatını xilas etmək və icmaların yenidən qurulmasına yardım üçün
ANAMA əməkdaşlarının strategiya və məlumatların idarə edilməsi üzrə təlim
sessiyalarına dəstək verəcək.
Məcburi köçkünlər layihədən
faydalanmaqla yanaşı, həm də layihədə fəal iştirak edəcəklər. Yeni
minatəmizləmə qrupları yerli icmalarla sıx əməkdaşlıq edəcək və qeyri-hökumət
təşkilatlarının minatəmizləmə fəaliyyətlərində iştirakı təşviq ediləcək.