Şuşa +10 °C  
Şuşanın tarixi meydanları…

Şuşanın tarixi meydanları…

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri özünəməxsus arxitekturası, memarlıq üslubu ilə seçilir. Qədim Şuşada 3 qala qapısı, 3 meydan, 3 küçə, 17 məhəllə olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov AZƏRTAC-a bildirib ki, Şuşanın mərkəzi meydan və küçələri sırasında, ilk növbədə, “Bazarbaşı” və ya “Divanxana meydanı” adlanan yerin adını qeyd etmək lazımdır. “Bazarbaşı” adlanan yer Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır.

Qarabağ xan sarayının qarşısında yerləşən “Divanxana meydanı” Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən, XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla, qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi.

XIX əsrin I yarısında Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra “Divanxana meydanı” ictimaiyyətə açılmışdır. Həmin dövrdən sonra bu meydan həm də “Bazarbaşı” adlandırılmağa başlayıb. Müasir dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş “Rasta bazar” küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir.

“Divanxana meydanı” Qarabağ xanının Divanxanası olmuş, 1805-ci ildə rus əsgərlərinin Şuşada yerləşdirilməsindən sonra isə bəzi əlavələr edilərək pravoslav kilsəsinə çevrilmiş, 1970-ci illərdə isə qədim Divanxana binasının yerində mədəniyyət evi inşa edilmişdir. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra “Mədəniyyət evi” tamamilə dağıdılmış, bina məhv edilmişdir.

E.Əhmədov qeyd edib ki, “Meydan” adlanan yer Şuşanın əsas şəhər meydanıdır. Şuşanın əsas ticarət magistralı olan “Rasta bazar” küçəsinin sonu “Meydan”da tamamlanır, beləliklə, “Meydan” və “Bazarbaşı”nı əlaqələndirir. Ətrafında yerləşən binaların təyinatında, əsasən, “Meydan” Şuşada mühüm ictimai-ticari rol oynamış, burada böyük dini mərasimlər də (Aşura) keçirilmişdir. “Meydan”ın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII-XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir.

“Aşağı meydan” və ya “Torpaq meydanı” adlanan yer Şuşa şəhərinin ən qədim şəhər meydanlarından biridir. Şuşa şəhərinin aşağı hissəsində yerləşir. “Aşağı meydan” adı “Meydan”ın yerləşdiyi ərazi ilə müqayisədə “Aşağı meydan”ın ərazisinin Şuşa qalasının aşağı hissəsində yerləşməsi ilə əlaqəlidir. “Aşağı meydan” xalq arasında həm də “Torpaq meydanı” adı ilə tanınır. Bu adın yaranmasının səbəbi isə Şuşanın digər şəhər meydanlarından fərqli olaraq, daşlarla döşənməməsi və torpaq örtüyə malik olması ilə əlaqəlidir. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında “Aşağı meydan”ın qərb tərəfində yerləşən, bir-birinə bitişik iri ictimai binalar mövcud olmuşdur. Həmin binaların heç biri dövrümüzə qədər çatmamışdır.