6 fevral 2023-cü il tarixində Türkiyə
Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş
dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan
Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirir.
XİN-dən verilən xəbərə
görə, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına
dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici
heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində
Türkiyəyə yola salınıb və artıq fəaliyyətə başlayıb.
Bundan əlavə, zəlzələnin fəsadlarının
aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla
təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi
olmaqla 41 nəfərlik heyəti artıq Türkiyəyə yola düşüb.
Prezident İlham
Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla
Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da bu gün qardaş ölkədədir.
Zəlzələdən zərər
çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və təxliyyəsinin
həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Türkiyə
Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş
konsulluqlarında Operativ Qərargahlar çalışmaqdadır.
24 saat
fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə
daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən,
Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində
(Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis,
Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan
Azərbaycan vətəndaşları siyahıya alınır. Azərbaycana təxliyyə edilmək arzusunda
olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin
edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə
maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan
qaldırılması istiqamətində danışıqlar aparılır.
Zəlzələ zamanı
sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlarımız üçün sənədləşdirmə
işləri Türkiyədəki Səfirlik və Baş konsulluqlarımız tərəfindən sadələşdirilmiş
qaydada həyata keçirilir.
Bu gün saat
15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana
vilayətlərinin avtovağzallarından təxliyyə avtobusları Azərbaycana yola
salınacaqdır. İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə
ehtiyacı olan şəxslərin təxliyyəsi həyata keçiriləcəkdir.
Hazırda
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Səfirlik
nəzdindəki Hərbi Attaşeliyin bir qrup əməkdaşı quru yolu ilə təxliyyə
prosesinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə zəlzələdən zərər
görmüş bölgələrə ezam olunub.
Təxliyyə edilmək
arzusunda olan və yuxarıda qeyd edilən 10 vilayətdən birində məskunlaşmış
Azərbaycan vətəndaşları +90 536 459 40 35, +90 536 471 55 68, +90 501 031 80
80, +90 552 627 92 94 və +90 532 254 19 33 nömrələri ilə əlaqə saxlaya
bilərlər.
Dumanlı Şuşa