Bu gün saat
15:00-dan etibarən Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən
təxliyə prosesinə başlanılıb.
Bunu açıqlamasında Azərbaycanın
Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Səfir deyib ki,
artıq dünən Azərbaycan hökuməti tərəfindən zəlzələ bölgələrində yaşayan
azərbaycanlıların təxliyəsi ilə bağlı qərar qəbul edilib və bu gün saat
15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana
vilayətlərinin avtovağzallarından təxliyə avtobusları yola düşür.
“Biz operativ qərargahlara daxil olan
zəngləri araşdırırıq və bunun əsasında təxliyə ediləcək insanları avtobuslara
yerləşdiririk”, - səfir əlavə edib.
Rəşad Məmmədov qeyd edib ki, təxliyə
ediləcək Azərbaycan vətəndaşları Gürcüstan üzərindən Vətənə yola salınacaq:
“Artıq bir neçə avtobus dolub və yola düşür”.
Səfir təxliyə ediləcək Azərbaycan
vətəndaşlarının sayını açıqlamayıb.
Səfir qeyd edib ki, təxliyə
olunanların sayını axşam elan edəcəklər.