Atası, anası, əri (arvadı), övladı, bacısı
və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək.
Miqrasiya Məcəlləsinə dəyişiklik
layihəsində əksini tapıb.
Belə ki, Məcəllənin 46-cı maddəsində
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün
tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına,
həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə
əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair
vergi orqanından əldə edilmiş sənəd daxil edilir.
Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsində
əsasən bu Məcəllənin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla
müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş
əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə
almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə
müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə
bilərlər. Qeyd olunan maddə təkmilləşdirilərək yeni redaksiyada verilir.
Belə ki, Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq icazəsinin əcnəbilərə ölkə ərazisində uzun müddət
yaşamaq, icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq,
gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət
etmək imkanı və digər geniş imkanlar yaradır. Bu baxımdan həmin mexanizmin
təkmilləşdirilməsi zəruridir. Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə
əsasən əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin
vətəndaşı ilə birinci dərəcəli (ata, ana, ər (arvad) və övlad) yaxın qohum
olarsa, həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu
baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə
qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası,
anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının
vətəndaşı olduqda daimi yaşamaq icazəsi ala bilməsi təklif olunur.