Türkiyənin
Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər
çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına yardım göstərilməkdədir.
Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyində (XİN), Türkiyədəki Səfirliyimizdə və Baş
konsulluqlarda yaradılmış Operativ Qərargah qaynar xətt nömrələrinə daxil olan
yüzlərlə müraciəti cavablandırır və araşdırır.
Bu barədə XİN-dən
bildirilib.
Qeyd olunub ki, daxil
olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib
olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə
Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də
əməkdaşlıq həyata keçirilir.
Eyni zamanda,
Azərbaycan Respublikası tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam
edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və
Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ
bölgəsinə ezam olunub.
7 fevral 2023-cü il
tarixində zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər
Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə
vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün
də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq
tədbirlər həyata keçirilir.
Bu günə qədər 1 nəfər
Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini
Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınmışdır. Hazırda
cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür. Allah rəhmət
eləsin!
Dumanlı Şuşa