Türkiyədə
çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə
humanitar yardım aparan xüsusi təyyarə fevralın 9-da səhər saatlarında
Qaziantep hava limanına çatıb.
Fondun zəlzələ bölgəsinə ezam
olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş
vətəndaşlara çatdıracaqlar. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev
Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif
dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları,
onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və
avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.