Şuşa +10 °C  
Yadigar Muradov: “Şuşadakı evimi teatra bağışlayıram”

Yadigar Muradov: “Şuşadakı evimi teatra bağışlayıram”

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi​ Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə​ “Şuşanı tanıyaq, tanıdaq!”​ adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində loveshusha.com saytı yaradılıb və sayt  üç - azərbaycan, rus və ingilis dillərində  fəaliyyətə başlayıb. Sayta əsasən Şuşanın keçmişi, bu günü və şuşalılarla bağlı  məlumatlar yerləşdiriləcək. “Şuşa ili” çərçivəsində loveshusha.com saytı şuşalılardan müsahibələrə, onların xatirələrinə də üstünlük verəcək. Loveshusha.com-un ilk müsahibi əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovdur. 


Ermənilər Şuşa teatrını necə bağlatdırdı?

-Yadigar bəy, istəyirik lap əvvələ qayıdaq. Şuşa Dövlət Musiqili Dram Teatrının yarandığı günə...

- 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə teatrın adı dəyişdirilərək Şuşa Dövlət Musiqili Dram Teatrı adlandırılıb. Teatra  Üzeyir Hacıbəylinin  adı verilib. Həm də Üzeyir bəyin sağlığında. Dahi bəstəkarımız  özü şəxsən teatrda tamaşaların təşkilində iştirak edib.  Təəssüf ki, Şuşa Dövlət Musiqli Dram Teatrı 1949-cu ildə Üzeyir Hacibəyli vəfat etdikdən 1 il sonra bağlanıb. Özü də ermənilər bağlatdırdı. Adını maddi çətinlik qoyaraq  Üzeyir Hacıbəyli adına Şuşa teatrının fəaliyyətinə xitam verildi. Amma Şuşada teatr bağlandıqdan sonra Xankəndidə Maksim Qorki adına dövlət teatrı açıldı. Bəs bayaqdan maliyyə çətinliyi vardı. Bizə gələndə maliyyə olmadı, ermənilərə çatanda maliyyə tapıldı? Şuşada teatr bir də 1990-cı ildə bərpa olundu.  Teatr fəaliyyət göstərməsə də  1980-1990-cu illərdə  özfəaliyyət dram kollektivi  müxtəlif tamaşalar səhnələşdirdi. 






“Arşın mal alan” tamaşasını hazırlayanda mən Gülçöhrə obrazını oynamaq üçün Şuşa Mədəni Maarif Texnikumunda təhsil alan 400-500 qızın içindən seçim etdim.  Daha sonra Şuşada xalq teatrını yaratdıq. İki ştat verdilər. Mən rejissor oldum,  Valeh müəllim isə rəssam.  Bu müddətdə də tamaşalar hazırladıq.  Nəhayət Nazirlər Kabinetinin  11 may 1990-cı il tarixli qərarı əsasında  Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edildi. O zaman bu məsələdə  mədəniyyət naziri Polad Bülbüloğlu və baş nazir  Həsən Həsənov bizə çox dəstək göstərdilər.  


“Şuşada tamaşa səhnələşdirmək qismət olmadı”

Mən gedib toylarda oxuyub pul qazanırdım, sonra həmin pulu teatra xərcləyirdim. Dekorasiyasına, qriminə, geyiminə.  Bəzən çatışmayan əşyaları Ağdam Dram Teatrından gətirirdim. Teatr Şuşa Mədəniyyət evində yerləşirdi. Teatr açılandan sonra bizə dedilər ki, 6 ay ərzində iki tamaşa hazırlayın, gələk rəsmi açılış edək. Biz 3 tamaşa hazırladıq. Üzeyir Hacıbəylinin “Arşın mal alan”, quruluşçu rejissor mən idim. Tacir Əsgər rolunda da özüm oynayırdım. İkincisi Süleyman Əsgərovun Şixəli Qurbanovla birgə yazdığı “Özümüz bilərik” operattası. Orda da yenə quruluşçu  rejissor mən oldum. Zəfəri oynayırdım. Üçüncü  tamaşamızı rejissor,  rəhmətlik Elxan Mikayılov  Eldar Baxışın “Uzun Həsən” tarixi əsəri əsasında  hazırladı. Amma bizə Şuşada tamaşa oynamaq qismət olmadı. Yalnız teatrın orkestri Şuşa işğal olunana qədər bircə dəfə Qala qapısında çıxış etdi. Nəinki  tamaşa, bir səhnəcik belə oynaya bilmədik. Şəhər tez-tez atəşə tutulurdu,  şəhid verirdik, tamaşaların məşqləri yarımcıq dayandırılırdı. 1992-ci il mayın 8-də şəhərimiz işğal olundu. Hamı kimi biz də köçkünlük həyatına başladıq və Bakıda  məskunlaşdıq.

“O vaxt Həsən Əbluc mənə dedi ki, Bakının küçələrində çox avaralanacaqsız?”

- Torpaqlarımızın işğalı, məcburi köçkün həyatı. Təbii ki,  bunlar o vaxtlar dildə belə çətin səslənirdi. Amma Şuşa teatrının adını yenidən yaşatmaq lazım idi. Kollektiv olaraq bunu necə bacardız?

- Çətin illər idi. O vaxtlar işim yox idi. Gedib otururdum Bakının çayxanalarında. Keçmiş günlər, Şuşa teatrında nümayiş etdirmək istədiyimiz tamaşalar gözümün önündən bir dəqiqə belə getmirdi. Mənəvi olaraq da bu mövzu məni çox sıxırdı. Yəni özümüz yaşayırıq, amma teatr yoxdu. Sonra rəhmətlik Həsən Əbluc çayxanada dedi ki, Bakının küçələrində çox avaralanacaqsız?. Dedim Həsən müəllim bu nə sözdü? Dedi,  düz deyirəm. Nə vaxt gəlirəm sən burda çayxanada söhbət edirsən. Bura gəlməkdənsə kollektivi yığ başına çağırış elə.Teatrı  yaratmısız, indi də saxlamaq lazımdı. Sanki işğal  sizin üçün bir bəhanədi. Təzədən yığışdıq. AzTV-nin diktoru Hicran Hüseynov “Hardasan, Şuşa teatrı” adlı veriliş hazırladı. Həmin veriliş vasitəsilə Azərbaycanın 60-dan çox rayonunda məskunlaşan şuşalılara çağırış etdik. Daha sonra Gənc Tamaşaçılar Teatrının direktoru  Kamal Əzizova müraciət etdik. Bundan əvvəl hara getmişdik, yer tapa bilməmişdik. Kamal Əzizov bizə bir otaq verdi.  Bu otaq hamımızın otağı oldu. Teatrın bütün işçiləri bu otaqda əyləşirdi. Hətta məşqləri də  həmin otaqda  edirdik. Sonra Kamal müəllim kiçik zalı da bizim ixtiyarımıza verdi. Dedi, burda da məşq edin. Teatrın istirahət günü 1-ci gün idi. Həftənin 1-ci gününü də səhnəni bizə verdi. Özlərinin tamaşaları olmayan günlərdə isə biz tamaşalarımızı səhnələşdirirdik. Elə həftə olurdu ki, 2-3 tamaşa səhnəyə qoyurduq. Nəhayət, 1993-cü il fevral ayının 13-də  “Arşın mal alan”la ilk açılışımızı etdik.




“Ən uzun qastrolumuz başa çatıb. İndi biz yenidən Şuşadayıq”

-  Şükrlər olsun ki, Allah Şuşanın yağı düşmənin işğalından azad olunmasını görməyi mənə nəsib etdi. Daim düşünürdüm ki,  görən o günləri görmək mənə nəsib olacaqmı. Oldu, haqq, ədalət yerini tapdı. 30 ildən sonra Şuşaya gedəndə gözüm ilk teatr binasını axtardı. Təəssüflər olsun ki, ermənilər teatr binasını yerlə yeksan etmişdilər. Amma buna baxmayaraq 30 illik arzumuzu yerinə yetirdik. Teatr binasının yerləşdiyi yerdə “Arşın mal alan”dan bir parça oynadıq.  Bu ilin  iyun  ayının 29-da isə Şuşada “Sərgüzəşti - vəziri – xani -  Lənkəran”ı tam şəkildə səhnələşdirdik.   Beləliklə, ən uzun qastrolumuz başa çatdı, biz yenidən Şuşadayıq.



“Şuşadakı evimi teatra bağışlayıram”

- Bəs Şuşa Dövlət Musiqili Dram Teatrının Şuşaya qayıdacağı tarix bəllidir?

-Tetrın Şuşaya nə vaxt qayıdacağı hələ bəlli deyil.  Qayıdan zaman istənilən tamaşanı oynamağa hazırıq. Nəzərdə tutduğumuz əsərlər  də var.  Teatrın ədəbi hissə müdiri Xəqani Əliyev “Pənah Əli Xan” pyesini yazıb. İstəyirəm bu əsərə quruluş verim. Zəfər günü ilə bağlı teatrın baş rejissoru, əməkdar artist  Loğman  Kərimov “Qələbənin zəfəri”  ilə bağlı yaxşı bir kompozisiya hazırlayır.

Mənim Şuşada çox böyük bir evim olub. Sidq ürəkdən Şuşadakı evimi teatra bağışlaya bilərəm. Teatrımızın binası hələ yoxdu. Sabah qayıdırsız desələr, evi olmayanlar o evdə  yaşaya bilər, evin çardağını isə kiçik kameralı zal edə bilərik.


 (Yadigar Muradovun Şuşadakı evi)


 

 - Şuşa teatrı hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir.  Səhv etmirəmsə 16-17 ildir bu binada yerləşmisiz. Şuşanın adını tamaşalarda yaşadan kollektiv bu binanı təhvil verəcəkmi?

-Bura 2005-2006-cı ildə köçmüşük. 2014-cü ilə qədər burda  vəziyyət pis idi. Məşqlərimizi burda edirdik. Tamaşaları digər teatrlarda səhnələşdirirdik. Sonra təmir edildi, 2018-ci ilin dekabrın 24-də isə açılışı oldu. Hərdən deyirəm ki,  Şuşaya qayıdandan sonra da bu binanı heç kimə verməyəcəyik.  Deyirəm bura olar qış teatrımız.  Yayda Şuşada canlanma olur, turistlər gəlir, biz də  tamaşalara orda səhnələşdirərik.  Qışda Şuşada hər tərəf qar olur. Ona görədə həmin vaxtlar tamaşaları Bakıda göstərərik.

Aytən Əhmədova

Kərəm Ələsgərov