Şuşa +10 °C  
Qeyri-hökumət təşkilatlarının Şuşa şəhərinə səfərləri başlayıb

Qeyri-hökumət təşkilatlarının Şuşa şəhərinə səfərləri başlayıb

Bu gündən etibarən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfərləri başlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər 3 gün davam edəcək. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger və ictimai fəalın iştirak edəcəyi səfərlərə ümumilikdə 500 nəfər qoşulacaq.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, QHT-lərin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi əsasda təşkil edilir. Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olurlar. Eyni zamanda səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işlərinin həcmini və sürətini izləyə bilirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan etməsini xüsusi vurğulayan Vüsal Quliyev ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən Şuşada həyata keçirilən tədbirlərin əhəmiyyətini də qeyd edib. Bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili"nə həsr olunmuş xüsusi qrant müsabiqəsi həyata keçirməsi, QHT-lərin həm ölkə daxilində, həm də xarici ölkələrdə müxtəlif təşəbbüslər reallaşdırması böyük töhfədir. Vüsal Quliyev qeyd edib ki, bu gün başlayan Şuşa səfəri QHT-lərin Qarabağ bölgəsinə sayca 12-ci səfəridir. Bu günədək yalnız Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin, ümumilikdə Qarabağa 1500-dən çox QHT təmsilçisinin səfəri təşkil edilib.

Qeyd edək ki, səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan  əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.

Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev-muzeyində, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət edəcəklər.