Prezident İlham Əliyevin “Əmək
pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-ci il tarixli
Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
atılan ardıcıl addımların davamı, pensiyaçılarının rifahının təminatına yönələn
növbəti dəstəkdir.
Bu barədə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Qeyd olunub ki, sərəncamla 2023-cü il 1
yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin
təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının
illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar
tarixindən artırılır.
Yanvar ayının
artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Məsələn, şəxsin pensiyası
400 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 14,7 faiz, yəni 58,8 manat
artırılmaqla 458,8 manata çatdırılacaq, yanvar ayının 58,8 manat artımı da
fevral ayında veriləcək.
Ümumilikdə 1,1
milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728
milyon manat xərclənəcək.
Yeni qanunla bu
ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilməsi
hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ
pensiyalara şamil olunmasına imkan verib. Növbəti illərdə də bütün növ
pensiyaların indeksasiya metodu ilə artırılması davam etdiriləcəkdir.
Beləliklə,
hazırkı artım həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına
görə əlavə alan pensiyaçılara (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə
orqanları əməkdaşları və b.) şamil olunacaqdır.
Bundan əvvəl isə
ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların
pensiyalarının tərkibinə daxil edilib. Maddi yardım daxil edilərək
artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə indeksləşdirilərək
artırılır.
Məsələn, 2022-ci
ildə ayda 800 manat pensiya və onun 10 faizi miqdarında (80 manat) maddi yardım
almış hərbi qulluqçunun pensiyası tərkibinə bu ilin əvvəlindən həmin 80 manat
daxil edilib və yaranan 880 manat pensiya məbləği bu dəfə indeksləşdirilərək 14,7
faiz (129,36 manat) artırılmaqla 1009,36 manata yüksəlir.
Sərəncamla
tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini
(13,9 faizi) üstələyir.
Eyni zamanda,
Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun
olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz
indeksləşdirilməklə artırılır.
Bu da əmək
müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının
təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil,
həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da
mütəmadi artmaqda olduğunu göstərir.
Pensiyaların
indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə
həyata keçiriləcək, hər hansı sənəd təqdim etməyə, müraciət etməyə ehtiyac
yoxdur.