Şuşa +6 °C  
“Məclisi-üns” ədəbi məclisi bərpa edildi

“Məclisi-üns” ədəbi məclisi bərpa edildi

XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisi bərpa edilib. Bununla bağlı Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə toplantı keçirilib.  Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.  Vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilib.  Toplantıda çıxış edən mədəniyyət naziri Anar Kərimov  qeyd edib ki, 1864-cü ildə Şuşada  şeir-sənət xadimlərinin iştirakı ilə yaradılan bu ədəbi məclis 1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini daha da genişləndirib. Bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı "Məclisi-üns" o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb.  Nazir diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyinin yaradılması qərara alınıb. Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanın mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir.  Məclisin “poeziya saatı”nda Azərbaycan və digər türkdilli ölkələrdən yazarlar ud və qanun ifaçılarının müşayiəti ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şeirlər söyləyiblər.