Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) maddi-texniki bazasının genişləndirilməsi məqsədilə yeni
təcili tibbi yardım nəqliyyat vasitələri əldə edib.
Agentlikdən verilən
xəbərə görə, təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə
əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.
Agentliyə təhvil verilən 24 ədəd
ambulans işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə
ediləcək.
Xüsusi təyinatlı “Qazel Biznes 221717” markalı tibbi yardım nəqliyyat
vasitələri ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri,
tibbi xərək, onurğa zədələri üçün xərək, oksigen balonu, defibrillyator və zədə
çantası kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının
təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin, təcili və
təxirəsalınmaz tibbi yardımın göstərilməsinə imkan verir.
Təcili tibbi yardım nəqliyyat vasitələri (4x4) yolsuzluq şəraitində rahat və
təhlükəsiz hərəkət üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları bədbəxt hadisələr, fərdi qəza və könüllü tibbi sığorta ilə təmin edilib.